Azərbaycan enerji sektorunda yeni mərhələyə qədəm qoyur. Ölkədə bərpaolunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemləri (BESS) yaradılmasına başlanılıb. “AzərEnerji” ASC-dən SİA-ya bildirilib ki, qurum tərəfindən paytaxta yaxın 500 kilovoltluq “Abşeron” yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır. Hazırda yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq.
Batareya Saxlanc Sistemlərinin yaradılması enerji sistemin dayanıqlığının yüksəldilməsi, tezliyin stabilliyi, BOEM-lərdə kəsintilərinin azaldılması, aktiv güc çatışmazlığının kompensasiyası, pik yüklərin qarşılanması, günəşin batma saatlarında yük qrafikinin hamarlanması, qəza zamanı enerjisistemin sıfırdan bərpası baxımından olduqca əhəmiyyətlidir. Bu sistemlərin tətbiqi Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirməklə yanaşı, həm də enerji sistemimizin qonşu ölkənin sinxron zonası ilə paralel və ada rejimlərində etibarlı işləməsini təmin edəcək.
Qeyd edək ki, 2027-ci ilə qədər ölkədə yaradılacaq 2 giqavat gücündə günəş və külək stansiyalarını şəbəkəyə inteqrasiya etmək məqsədilə “AzərEnerji” tərəfindən hazırda genişmiqyaslı proqram həyata keçirilir. Proqram çərçivəsində enerji saxlanc texnologiyalarının tətbiqi ilə yanaşı ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün respublikanın ən böyük yarımstansiyalarından biri – 500/330 kilovoltluq “Nəvahi” Enerji Qovşağı tikilir və oradan respublikanın müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir, rəqəmsallaşma və şəbəkə idarəetməsinin təkmilləşdirilməsi məqsədilə kompleks işlər görülür.