“Bu tarixi mərhələ bütün regionun gələcəyi üçün mühüm dönüş nöqtəsidir”


“Azərbaycan ilə Ermənistan arasında Qarabağa görə olan münaqişə məhz antiterror əməliyyatlarından sonra bitdi deyə bilərik. Yəni artıq dönüş nöqtəsi oradan başladı. Məhz bundan sonra Azərbaycan artıq bütün cəbhə boyu diplomatik kanallarla hücuma keçdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, antiterror əməliyyatlarının əsas məqsədi Qarabağ ərazisində qalan qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi və Azərbaycanın konstitusiya quruluşunun bərpası idi: “Əməliyyatların qısa müddətdə, minimal itkilərlə və dəqiq hədəflərlə həyata keçirilməsi Azərbaycanın hərbi gücünü və operativ imkanlarını nümayiş etdirdi. Bu uğur eyni zamanda, beynəlxalq aləmdə Azərbaycanın öz ərazisində suveren hüquqlarını bərpa etmək istiqamətində atdığı legitim addım kimi qəbul olundu. Çox yaxşı düşünülmüş xarici siyasət və aparılan danışıqlar nəticəsində Ermənistan da Azərbaycanın regionda yaratdığı geopolitik və siyasi reallığı qəbul etdi. Bundan sonra artıq digər ölkələr də bu reallığı qəbul etməyə başladılar. Artıq deyə bilərik ki, Azərbaycan ilə Ermənistan arasında münaqişə bitib. Bunun əsas səbəbi Azərbaycanın öz suveren ərazisində qanunsuz silahlı birləşmələrə qarşı həyata keçirdiyi antiterror əməliyyatları, bundan sonrakı mərhələdə aparılan uğurlu diplomatik siyasət və beynəlxalq hüquqa əsaslanan mövqeyidir. Bu tarixi mərhələ təkcə Azərbaycanın deyil, bütün regionun gələcəyi üçün mühüm dönüş nöqtəsidir”.

Əlaqəli Xəbərlər