“1991-ci ilin 3 sentyabrında Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi hesab edilməlidir. Həmin dövrdə ölkə dərin siyasi böhran, iqtisadi çətinliklər və separatizm meyilləri ilə üz-üzə idi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib
Onun sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyi yeni elan edilmişdi və onun qorunub saxlanması ciddi risklər altında idi. Belə mürəkkəb bir şəraitdə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı xalqın inamını gücləndirdi, dövlətçiliyin dayaqlarının möhkəmlənməsi üçün mühüm zəmin yaratdı: “Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri seçildikdən sonra bölgənin sabitləşməsində və Azərbaycanın bütövlüyünün qorunmasında həlledici rol oynadı. Ermənistanın hərbi təcavüzünün ən gərgin vaxtında Naxçıvan əhalisinin mübarizə əzmini gücləndirdi, eyni zamanda dövlət idarəçiliyində qətiyyətli addımlar atdı. Bu, Azərbaycanın digər bölgələri üçün də nümunəvi bir idarəçilik modeli kimi çıxış etdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində qəbul edilən qərarlar Azərbaycanın gələcək dövlətçilik konsepsiyasının əsasını qoydu. Məsələn, o dövrdə Azərbaycan Respublikasının dövlət atributlarının üçrəngli bayraq, gerb və himnin bərpası prosesi məhz Naxçıvandan başlandı. Bu, milli kimliyin möhkəmlənməsi və dövlət müstəqilliyinin ideoloji əsaslarının formalaşmasında mühüm tarixi addım idi. Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi illər onun yenidən Azərbaycan xalqının siyasi lideri kimi tanınmasına və qəbul edilməsinə zəmin yaratdı. Bu dövr həm də gələcəkdə Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışını və Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsini şərtləndirdi.
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi sadəcə regional əhəmiyyət daşımırdı, bu hadisə bütövlükdə müasir Azərbaycanın dövlətçilik tarixində strateji dönüş nöqtəsi oldu. Bu qərar Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqda, milli birliyi möhkəmləndirməkdə və dövlət idarəçiliyi ənənələrinin formalaşmasında həlledici rol oynadı”.