Bakıda keçirilən builki finala 70 ölkəni təmsil edən 63 min tələbə arasından seçilən 139 komanda qatılıb. ADA Universiteti də həmin universitetlər sırasındadır və Azərbaycanın digər ali məktəbləri ilə birlikdə bu uğura imza atıb. SİA xəbər verir ki, bunu Beynəlxalq Kolleclərarası Proqramlaşdırma Müsabiqəsi (ICPC) Fondunun prezidenti Vilyam B. Pouçer “ICPC Dünya Finalı 2025”ə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Fondun prezidenti, həmçinin tədbirin təşkilinə dəstək verən yerli tərəfdaşlara, o cümlədən Mərkəzi Bank, “PASHA bank” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə təşəkkür edib: “Onların məqsədi istedadlı gənclərin inkişafını dəstəkləmək və ölkənin, eləcə də regionun texnoloji gələcəyinə töhfə verməkdir”.
Vilyam B. Pouçer bildirib ki, müasir dünyada fiziki sərhədlər aradan qalxıb, insanların beyni və qəlbi rəqəmsal dünya vasitəsilə hər yerdə ola bilər.
“Biz rəqəmsal intibah dövrünü yaşayırıq. Hazırda dünya iqtisadiyyatının 14 trilyon dollarlıq hissəsi birbaşa rəqəmsal xidmətlərdən asılıdır. Bu sahədə fəaliyyət göstərən sponsorlarımız – “Huawei”, “JetBrains”, “OpenAI”, “Google DeepMind” və digər şirkətlər gənclərə yeni imkanlar açır. Burada yarışan tələbələr gələcəyin rifah katalizatorlarıdır. Azərbaycan isə uzun müddətdir bu istedadları dəstəkləyir. Məhz buna görə dünya finalına ev sahibliyi üçün ən yaxşı məkan kimi Bakı seçildi”, – deyə ICPC Fondunun prezidenti qeyd edib.