“Payızda orqanizmin aktiv qalması çox vacibdir”


“Hər fəslin özünəməxsus qidalanma tərzi olduğu üçün yay fəslindən payız fəslinə keçərkən də müəyyən dəyişikliklər etməliyik. Yayın isti günlərindən sonra havaların soyuması, günəşli günlərin azalması, orqanizmin daha çox enerji tələb etməsi qidalanmada da bəzi dəyişiklikləri zəruri edir. Payızda düzgün və balanslı qidalansaq immuniteti gücləndirə, soyuqdəymə və mövsümi xəstəliklərin qarşısını ala bilərik”. Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.

Asim Vəliyev sözlərinə belə davam edib: “İlk növbədə vitamin və mineral ehtiyacını ödəmək lazımdır. Payız aylarında günəş şüaları azaldığına görə bu orqanizmdə D vitamini çatışmazlığına səbəb ola bilər. Ona görə də süd məhsulları, balıq, yumurta sarısı və dəniz məhsullarını daha çox qəbul etmək faydalıdır. Eyni zamanda, immunitet üçün C vitamini çox vacibdir. Portağal, mandarin, kivi, qırmızı bibər, kələm kimi məhsullar bu dövrdə menyuda mütləq olmalıdır. Dəmir və sinklə zəngin qidalar da soyuq mövsümdə orqanizmin gücünü qorumağa kömək edir.

Payız fəsli həmçinin meyvələrin bol olduğu fəsildir. Bu fəsildə alma, armud, heyva, nar, üzüm kimi meyvələr, balqabaq, kök, çuğundur, kələm, kartof və digər tərəvəzlər piştaxtalarımızı bəzəyir. Mövsümi olaraq həm təzə, həm də bişmiş halda istifadə etdikdə orqanizmimizə lif, vitamin və mineral verir. Balqabaq A vitamini ilə zəngindir, göz və dəri sağlamlığı üçün faydalıdır. Heyva və nar tənəffüs yollarının mövsümi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Soyuq havalarda orqanizmimiz daha çox istiliyə və enerjiyə ehtiyac duyur. Ona görə də payız menyusunda şorba, buxarda bişmiş və ya sobada hazırlanmış yeməklərə üstünlük verməliyik. Toyuq və tərəvəzlə bişən şorbalar, mərci və noxud kimi paxlalılar həm doyumludur, həm də immuniteti gücləndirir. Sarımsaq və soğan kimi təbii antibiotiklərin də yeməklərdə istifadəsi faydalı olar. Payızda hava dəyişkənliyi və günəşin işığının azalması bizdə tez-tez şirniyyata meyilliyi artırır. Çünki şirin qidalar serotonin hormonu ifrazını artırır. Tort, şokolad və hazır desertləri çox yemək həm çəki artımına, həm də zəif immunitetə səbəb ola bilər. Bunun əvəzinə bal, quru meyvə, təbii mürəbbə və fındıq, badam kimi qoz-fındıq məhsullarına üstünlük verməliyik.

Çoxumuz elə bilirik ki, yalnız yayda su içmək vacibdir. Halbuki payızda da orqanizmimiz mayeyə ehtiyac duyur. Gün ərzində çəkimizə və iş rejimimizə uyğun olaraq su içməli, maye qəbulunu artırmalıyıq. Bütün bu sadaladıqlarımızla yanaşı payızda orqanizmin aktiv qalması da çox vacibdir. Açıq havada gəzinti, yüngül idman hərəkətləri, vitaminli qidalarla birlikdə orqanizmin müqavimətini gücləndirir. Yeməkləri isə gün ərzində az-az və tez-tez qəbul etmək, axşam ağır qidalardan çəkinmək məsləhətdir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər