“Qurumlar sağlam rəqabət mühitinin formalaşmasına şərait yaratmalıdır”


Əhalinin keyfiyyətli və əlçatan tibbi vasitələrlə təmin olunması yalnız səhiyyə sisteminin deyil, həm də iqtisadi və inzibati strukturların effektiv fəaliyyəti ilə bilavasitə bağlıdır. Dərman preparatlarının qiymətində müşahidə olunan fərqlər və bu sahədə formalaşan bazar münasibətləri cəmiyyətdə haqlı narahatlıqlara səbəb olur. Son zamanlarda bu istiqamətdə müşahidə olunan mühüm tendensiyalardan biri də vətəndaşların dərman vasitələrini xaricdən, birbaşa özü üçün fərdi qaydada gətirməyə üstünlük verməsidir. Bəs, bunun əsas səbəbi nədir?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, əsas səbəb qiymət fərqinin olmasıdır:

“Bunun isə çoxlu səbəbləri var. Bu səbəblərin başında isə daşıma xərcləri, alış vaxtları və logistik faktorlar dayanır. Bundan əlavə, dərmanların alındığı vaxtda beynəlxalq valyuta məzənnələrində baş verən dəyişikliklər, həmin məhsulun alış qiymətinə və beləliklə də satış qiymətinə birbaşa təsir edir. Bu bazarın özü spesifikdir. Hər yerdən dərman gətirilə bilməz. Seçilmiş formada gətirilir”.

Xalid Kərimli fikirlərinə davam edərək həmçinin qeyd edib ki, istehlak bazarlarına nəzarət və antiinhisar siyasətini həyata keçirən dövlət qurumlarının – xüsusilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin – bu sahəyə ciddi nəzarəti olduqca vacibdir: “Bu qurumlar həm qiymətlərin ədalətli səviyyədə saxlanmasına, həm də sağlam rəqabət mühitinin formalaşmasına şərait yaratmalıdır”.

Əlaqəli Xəbərlər