İsveçdə məhsullara olan ƏDV azalır


İsveç hökuməti ərzaq məhsullarına tətbiq edilən əlavə dəyər vergisini müvəqqəti olaraq 12 faizdən 6 faizə endirmək niyyətindədir. SİA xəbər verir ki, İsveç demokratları ilə razılaşdırılmış qərar gələn il aprelin 1-dən qüvvəyə minəcək və 2027-ci ilin sonuna kimi qüvvədə olacaq. Büdcə itkiləri təxminən 37 milyard kron (təxminən 3,35 milyard dollar) təşkil edəcək, lakin hakimiyyət orqanları hesab edirlər ki, bu tədbir əhalinin alıcılıq qabiliyyətini dəstəkləyəcək və iqtisadiyyatı canlandıracaq.

Baş nazir Ulf Kristersson bildirib ki, yüksək inflyasiya və ərzaq məhsullarının qiymətinin artması şəraitində əhalidə belə bir islahata kəskin ehtiyac yaranıb. Qiymətlərə nəzarət etmək üçün xüsusi ərzaq komissiyası yaradılacaq ki, o da vergi endiriminin həqiqətən də istehlakçılara çatmasına nəzarət etməlidir.

Ölkənin ən böyük ticarət satış şəbəkələri – “Ica”, “Axfood” və “Coop” artıq vergi güzəştinin məbləği qədər qiymətləri tam şəkildə endirməyi vəd ediblər.

Lakin, ekspertlər təsirin məhdud olacağı barədə xəbərdarlıq edirlər.

“Hər 20 kron üçün qənaət cəmi 1 kron təşkil edəcək. Son illərdə ərzaq məhsullarının qiymətinin təxminən 30 faiz artması fonunda ƏDV-nin azaldılması yalnız son bir ildəki qiymət artımını kompensasiya edəcək. Əgər məzənnə 2027-ci ildən sonra əvvəlki səviyyəsinə qayıdarsa, bu, istehlakçılarda mənfi reaksiyaya səbəb olacaq”, – deyə onlar izah edirlər.

Əlaqəli Xəbərlər