İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi istilik dalğaları və meşə yanğınları riskini əvvəlki normal iqlim şəraitinə nisbətən 40 dəfə artırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə beynəlxalq “World Weather Attribution” (Qlobal Hava Hadisələri Analizi) tədqiqat qrupunun araşdırmasında bildirilir.
Hesabatda xüsusilə Avropanın cənub-qərbində avqustda müşahidə edilən istilik dalğasına diqqət çəkilib. Araşdırmaya görə, iqlim dəyişikliyi meşə yanğınları ilə müşayiət olunan istilik dalğalarının başvermə ehtimalını təxminən 40 dəfə, onların gücünü isə 30 faiz yüksəldib.
Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində yaranan istiləşmə olmasaydı, meşə yanğınlarını gücləndirən belə hava şəraiti yalnız 500 ildən bir baş verərdi. İndiki halda bu, hər 15 ildən bir gerçəkləşir.
Avqustda istilik dalğası zamanı Portuqaliyanın şimalında, həmçinin İspaniyanın qərb və şimal-qərb bölgələrində güclü meşə yanğınları baş verib. Bu il meşə yanğınları İspaniyada 380 min hektardan çox, Portuqaliyada isə 280 min hektardan çox ərazini məhv edib. İspaniyanın meteorologiya xidmətinin məlumatına əsasən, avqustdakı istilik dalğası dövründə temperatur əvvəlki isti dövrlərin orta göstəricisindən 4,6 dərəcə yüksək olub. Bu il İspaniyada baş verən meşə yanğınları son 30 ildə müşahidə olunmuş ən böyük yanğınlar kimi tarixə düşüb.
Avropa İttifaqının Fövqəladə Hallarda Mülki Müdafiə Mexanizmi Yunanıstan, Albaniya, Bolqarıstan, Portuqaliya və İspaniya da daxil olmaqla bir çox ölkədə meşə yanğınlarına müdaxilə üçün bu il 17 dəfə aktivləşdirilib. Proseslərin gedişi göstərir ki, istiləşmə davam edərsə daha ekstremal hava şəraiti və eyni vaxtda baş verən yanğınlar yanğınsöndürmə imkanlarını daha çətin vəziyyətə salacaq və bəzi regionlarda uyğunlaşma imkanlarını ötəcək.