“19 sentyabr 2023-cü ilin əhəmiyyəti tariximizdə olduqca böyükdür. Bu antiterror əməliyyatı vasitəsilə bir sıra strateji və siyasi hədəflərimizə nail olduq”. Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib.
Onun sözlərinə görə, əvvəla, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış və qəbul olunmuş ərazi bütövlüyünün tam təmin olunması baxımından olduqca əhəmiyyətli bir gün idi. Milli mübarizənin bu istiqamətdə Vətən müharibəsinin yekunu qoyuldu və Azərbaycanın bu müharibədə qələbəsi tam şəkildə təmin olundu, sənədləşdirildi. Həmin gün müharibənin bu mərhələsi başa çatdı və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi: “Eyni zamanda, bu tarix Qafqazda sülhün əsasının qoyulduğu gündür. Ermənistan–Azərbaycan–Dağlıq Qarabağ münaqişəsi rəsmən başa çatdı. Bundan əlavə, bu hadisə Azərbaycan milli hərəkatı və müstəqillik yolunda çox böyük bir mərhələ oldu. Rus ordusunun “sülhməramlı” adı altında Azərbaycan ərazisində mövcud olmasının bütün hüquqi, siyasi və ideoloji əsasları aradan qaldırıldı. Bu ordu guya Qarabağ erməniləri ilə azərbaycanlıların birgə yaşayışını təmin etmək üçün gəlmişdi, amma əsl məqsədi münaqişəni saxlamaq və bölgədə qalmaq idi. 19 sentyabr əməliyyatı ilə bu planlar puç oldu və Rus ordusu Azərbaycan ərazisini tərk etdi.
Ən böyük əhəmiyyətlərdən biri də Azərbaycan ərazisində separatizmin kökünün kəsilməsidir. Artıq orada erməni separatçıları və onların ideoloji bazası yoxdur. Separatizmin gələcəkdə yenidən alovlanması üçün lazım olan “material” tam aradan qaldırıldı.
Bu cür hadisələr yüz ildən bir baş verir. Türkiyənin istiqlal savaşı zamanı necə ki, yunan separatçıları məğlub edildi və Türk dövləti quruldu, bu gün də Azərbaycanın Qarabağda əldə etdiyi nəticə eyni səviyyədə tarixi bir zəfərdir. Əgər separatizmin maddi dayaqları qalardısa, istənilən vaxt – 10, 20, 50 il sonra yenidən problem yarana bilərdi. Amma bu əməliyyat nəticəsində Qarabağ məsələsinə birdəfəlik nöqtə qoyuldu.
Bu hadisənin əhəmiyyətini bəlkə bu gün tam qiymətləndirmək çətindir, amma illər keçdikcə onun tarixi çəkisi daha da aydın olacaq. Əlavə olaraq, bu əməliyyat zərgər dəqiqliyi ilə həyata keçirildi. Heç bir dinc əhali zərər görmədi. Azərbaycanın ordusu həm erməni silahlılarını, həm də onları qoruyan qüvvələri bir əməliyyatla süpürüb atdı. Bu, təkcə bir antiterror əməliyyatı deyil, tarixi bir qələbə, Azərbaycanın tam suverenliyinin bərpa edilməsi və müstəqil siyasətinə qarşı bütün təzyiqlərə cavab oldu”.