“Azərbaycan yaşıl enerjiyə keçid sahəsində lider ölkələrdən birinə çevrilə bilər”


“Azərbaycanın yaşıl enerji konsepsiyasına keçidi olduqca vacib və strateji əhəmiyyətli prosesdir. Bu keçid həm ölkəmizin enerji təhlükəsizliyi, həm də ekoloji dayanıqlılıq baxımından yeni imkanlar açır. Ancaq təbii ki, bu prosesin özünəməxsus çətinlikləri də mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, birinci əsas problem maliyyə və investisiya məsələləridir. Yaşıl enerji layihələrinin – istər günəş, istər külək, istərsə də bioenerji sahəsində olsun – qurulması böyük maliyyə vəsaiti tələb edir. Bu səbəbdən həm dövlət, həm də özəl sektor tərəfindən bu sahəyə daha çox investisiyanın cəlb edilməsi vacibdir: “İkinci problem texnoloji infrastrukturla bağlıdır. Bəzi hallarda müasir avadanlıqların çatışmazlığı, yerli istehsalın kifayət qədər inkişaf etməməsi və xarici texnologiyalardan asılılıq prosesin sürətini azalda bilər. Bunun üçün Azərbaycanda alternativ enerji sahəsində texnologiya transferi və yerli istehsal imkanlarının artırılması çox önəmlidir. Yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün xüsusi ixtisaslı mühəndislərə, texniki mütəxəssislərə və innovativ düşüncəyə malik gənclərə ehtiyac var. Bu baxımdan təhsil sistemində yaşıl enerji ilə bağlı ixtisasların yaradılması və gənc kadrların hazırlanması prioritet istiqamət olmalıdır.

Bundan əlavə, hüquqi və institusional çərçivənin də gücləndirilməsi lazımdır. Qanunvericilikdə yaşıl enerji sahəsinə yönəlmiş stimulların, güzəştlərin və dəstək mexanizmlərinin tətbiqi investorların marağını artıracaq. Ən nəhayət, ictimai şüurun formalaşdırılması da önəmlidir. Əhali arasında alternativ enerjinin əhəmiyyəti barədə maarifləndirmə aparılmasa, bu konsepsiyanın tam reallaşması çətin ola bilər. Azərbaycanın yaşıl enerji konsepsiyasına keçidi yalnız texniki məsələ deyil, həm də siyasi, iqtisadi və sosial aspektləri olan çoxşaxəli bir prosesdir. Əgər dövlət, özəl sektor və vətəndaş cəmiyyəti birlikdə bu istiqamətdə çalışsa, yaxın gələcəkdə Azərbaycan regionda yaşıl enerjiyə keçid sahəsində lider ölkələrdən birinə çevrilə bilər”.

Əlaqəli Xəbərlər