“Böyük Qayıdış proqramı Azərbaycanın dövlət siyasətində ən prioritet istiqamətlərdən biridir. Bu proqramın əsas məqsədi uzun illər işğal altında qalmış torpaqların bərpası, infrastrukturun yenidən qurulması və həmin ərazilərə əhalinin mərhələli şəkildə geri qaytarılmasıdır. Hazırda regionlarda genişmiqyaslı işlərin aparıldığını müşahidə edirik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, əsas diqqət infrastruktur layihələrinə yönəlib. Azad edilmiş ərazilərdə yollar, körpülər, elektrik xətləri, qaz və su təchizatı sistemləri sürətlə qurulur. Bu, həm əhalinin geri dönüşü üçün zəruri şərait yaradır, həm də regionların iqtisadi canlanmasının əsasını qoyur: “Eyni zamanda “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında müasir yaşayış massivləri salınır ki, bu da sakinlərə daha rahat və təhlükəsiz həyat şəraiti təmin edəcək. Digər mühüm istiqamət sosial infrastrukturdur. Təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi davam etdirilir. Məktəblərin, xəstəxanaların və mədəniyyət mərkəzlərinin istifadəyə verilməsi həmin bölgələrdə dayanıqlı sosial həyatın bərpası üçün çox vacibdir. Bununla yanaşı, iş yerlərinin yaradılması üçün sənaye parklarının və kənd təsərrüfatı müəssisələrinin qurulması nəzərdə tutulur. Bu, həm yerli əhalinin məşğulluğunu təmin edəcək, həm də regionun iqtisadi potensialını artıracaq.
Siyasi baxımdan Böyük Qayıdış yalnız humanitar layihə deyil, həm də Azərbaycanın dövlətçilik mövqeyini möhkəmləndirən bir prosesdir. Bu proqram ölkənin ərazi bütövlüyünün tam bərpasının real nəticəsini göstərir və beynəlxalq aləmdə Azərbaycanın güclü və ardıcıl siyasət apardığını nümayiş etdirir.
Böyük Qayıdış proqramı bu gün həm infrastrukturun bərpası, həm sosial-iqtisadi layihələrin həyata keçirilməsi, həm də regionlarda dayanıqlı həyatın formalaşdırılması istiqamətində sürətlə irəliləyir. Yaxın dövrdə biz təkcə azad edilmiş torpaqlara qayıdan insanların sayında artım yox, eyni zamanda regionların iqtisadi və sosial inkişafında ciddi dəyişikliklər müşahidə edəcəyik”.