“Daşınmaz əmlak bazarında qiymət artımının davamlı xarakter almasının müxtəlif səbəbləri var. Bu səbəblər sırasında Azərbaycanda mütəmadi olaraq ilkin mənzil bazarı üzrə, yəni tikililər üzrə qiymətlərin müsbətə doğru dəyişməsidir. Təbii ki, ilkin mənzil bazarında qiymətlər davamlı olaraq artdığı üçün bu bütövlükdə daşınmaz əmlak, o cümlədən mənzil bazarına da öz təsirini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
O bildirib ki, müəyyən makroiqtisadi və xarici təsirlər də qiymət artımında özünü göstərir: “Sözsüz ki, şəhərsalma və tikinti ilə bağlı hökumət tərəfindən qəbul edilən qərarlar, yəni inzibati təsirlər də rol oynayır. Bütövlükdə daşınmaz əmlak bazarında davamlı qiymət artımlarının baş vermə səbəbləri qeyd olunan amillərlə bağlıdır.
Burada ilkin mənzil bazarının xüsusilə qeyd edilməsinə səbəb Bakı şəhərində mənzil bazarının əsas prosesləri məhz ilkin mənzil bazarından qaynaqlanır. Torpaq sahələrinin qiyməti artdıqca və məhdudlaşma aparıldıqda qiymətlər də artmağa davam edir. Yeni tikililərdə mənzil qiymətinin artımı köhnə tikililərdəki mənzil qiymətinin artımına da təsir göstərir.
İndiki halda hökumət tərəfindən hansısa inzibati təsirlərlə qiymət artımının qarşısının alınmasını təklif edə bilmərik. Hesab edirəm ki, daha çox iqtisadi qanunauyğunluq rol oynamalıdır. Eyni zamanda mütləq şəkildə sağlam rəqabət olmalıdır”.