“Xəzərin su səviyyəsi sürətlə aşağı düşür”


“Xəzər dənizi beş ölkənin sahil xətləri ilə dünyanın ən böyük gölü kimi tanınır. Xəzər dənizinin ümumi sahəsi təxminən 370 min kvadrat kilometrdir. 130-a yaxın çayın axdığı Xəzərin şimal və cənub hissələri arasında ciddi fərqlər var. Məsələn, dənizin şimal hissəsində su az duzludur və orta dərinliyi 5 metrdən çox deyil, cənub hissəsində isə su daha duzludur və dərinliyi 1025 metrə çatır”. Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, son illər suyu nəzərəçarpacaq dərəcədə çəkilən Xəzərin ekoloji vəziyyəti narahatlıq doğurur: “2005-2023-cü illər arasında dənizin səviyyəsinin 185 santimetr aşağı düşməsi nəticəsində 31 min kvadrat kilometr su sahəsi itib. 2100-cü ilə qədər dəniz səviyyəsinin 18 metrə qədər enə biləcəyi proqnozlaşdırılır. Xəzər dənizinin ən uzun sahili olan Qazaxıstan tərəfində su sahəsi son 15 ildə 7,1 faiz azalıb. Hazırda Xəzər dənizinin ekoloji durumu olduqca gərgindir. Dənizin şelf zonasında problem daha da kəskinləşib. Müxtəlif ərazilərdə ölü zonalar yaranıb, bəzi yerlərdə isə çirklənmənin orta həddi 10-20 dəfə artıb.

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Səviyyə aşağı düşdükdə şorluq artır, balıqların sahil zonalarında qidalandığı bölgələrin məhsuldarlığı və sahəsi azalır. Əksinə, səviyyə qalxdıqda böyük çayların delta bölgələrinə yaxın sahələrdə şorluq azalır və yem ehtiyatı çoxalır.

Alimlərin fikrincə, son 15-20 ildə Xəzər dənizinin ekoloji vəziyyəti iqlim dəyişikliyi, dəniz səviyyəsinin qalxıb-enməsi, çirklənmə və digər təbii və antropogen amillərin təsiri altında xeyli dəyişib. Xəzəryanı ölkələrin mütəxəssislərinin qeyd etdiyi kimi, təkcə nərə balıqlarının deyil, digər qiymətli balıqların da ehtiyatı kəskin şəkildə azalıb. İnsanlar anlamalıdırlar ki, dəniz bizim üçün həm təbii sərvət, həm də həyati tələbat mənbəyidir. Onu çirkləndirmək, tullantılarla zibilləmək əslində öz həyatımıza zərbə vurmaq deməkdir. Xəzərin nemətlərindən istifadə ediriksə, ətrafını qorumaq mənəvi borcumuzdur. Əslində Xəzəri təmiz saxlamaq və onu göz bəbəyi kimi qorumaq ümumxalq işinə çevrilməlidir. Təəssüf ki, bu istiqamətdə əhali arasında aparılan maarifləndirmə işləri hələ də zəif səviyyədədir. Unutmayaq ki, Xəzər dənizi hər birimizin ortaq sərvətidir. Bu sərvəti qorumaq isə hər kəsin vətəndaşlıq borcudur”.

Əlaqəli Xəbərlər