“Təcrübə qazandırmayan iş karyerada uğur gətirmir”


“Birinci növbədə hər kəs karyera qurmalı deyil. Amma karyera qurmaq istəyən şəxs üçün bilik və bacarıq mütləq lazımdır. Bu, labüd bir haldır”. Bu sözləri SİA-ya açıqlamasında “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, əgər insanın biliyi, savadı və həmin biliklərinə uyğun bacarığı yoxdursa, o, karyera qurmaqda çətinlik çəkəcək: “Bu gün elə bir zamanda yaşayırıq ki, daim inkişaf etmək, öz üzərində işləmək lazımdır. Bu, artıq sürət əsridir. Əvvəllər Sovet dövründə deyirdilər ki, bu, kosmos əsridir. Amma indi artıq kosmosdan keçmişik – qalaktika əsridir. Demək istəyirəm ki, kimsə karyera qurmaq istəyirsə, orta məktəbdən başlayaraq təhsilini artırmalıdır. Daha sonra seçdiyi ixtisas üzrə ali məktəbi bitirməli, əlavə biliklər qazanmalı və mütləq təcrübə toplamalıdır.

Karyera qurmaqda təcrübənin çox böyük rolu var. Təəssüf ki, bu gün gənclər məhz təcrübə məsələsində çox çətinlik çəkirlər. Təcrübə qazanmaq üçün ali təhsil alarkən işləmək və ya təcrübə keçmək lazımdır. Hətta elə bir yerdə çalışmaq vacibdir ki, həmin iş insana biliklə yanaşı təcrübə də qazandırsın. Başqa sözlə, karyerada əsas şərt savadlı olmaqla yanaşı, bacarıq və təcrübəyə sahib olmaqdır.

Şəxsi keyfiyyətlər də bu prosesdə çox önəmlidir. Çünki şəxsi keyfiyyəti olmayan insanın savadı və bacarığı olsa belə, o, karyerasında irəliləyə bilməyə bilər. Buna görə də CV-də yalnız bilik və təcrübə deyil, şəxsi keyfiyyətlər də mühüm yer tutur.

Qaldı ki, “tapşırıq” məsələsinə – hər kəs karyera qurmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Əgər kimsə bunu tapşırıqla edirsə, bu artıq onun yaşadığı mühit, ailə və ətrafla bağlı bir məsələdir. Mən isə şəxsi keyfiyyətlərə, təcrübəyə, bilik və bacarığa daha çox önəm verirəm. Düşünürəm ki, uğurlu karyera üçün məhz bu amillər vacibdir. İnsan bu yolla gedərək öz karyerasını düzgün şəkildə qura və uğur qazana bilər”.

Əlaqəli Xəbərlər