“Gənclərin psixoloji sağlamlığına diqqət yetirmək vacibdir”


“Bugün intihar bütün dünyada ciddi problemə çevrilib. Hər il demək olar ki, 800 minə yaxın insan intihar edir”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, intiharın əsas səbəbləri işsizlik, stres, ailə problemləri və sosial çətinliklərdir: “Kişilər qadınlardan daha çox intihara meyillidir, çünki qadınlar ağlamağı və ürəklərini boşaltmağı bacarır, sosiallaşırlar. Kişilər isə cəmiyyətdə “kişilər ağlamaz” fikri səbəbindən duyğularını ifadə edə bilmir, problemlərini bölüşmür və daxildə yığılan stres intihar cəhdinə gətirib çıxarır.

Ailə və cəmiyyətdə belə insanlara yaxınlaşmaq, onların dərdlərini dinləmək və diqqət göstərmək çox önəmlidir. Xüsusilə yeniyetmələrdə intihar qəbul imtahanları nəticəsində yaranan streslə bağlıdır. Valideynlərin uşaqlara təzyiqi, onları müqayisə etməsi və yalnız ali təhsilə yönləndirməsi gənclərin psixologiyasına mənfi təsir göstərir. Bu baxımdan, peşə təhsilinə daha çox dəstək verməliyik ki, uşaqlar özlərinə uyğun sahədə iş tapa bilsinlər.

Yaşlı insanları tənha buraxmamalı, daim onlarla əlaqədə olmalıyıq. İntiharın qarşısını almaq üçün sevgi, qayğı və anlayışla yaxın olmaq vacibdir. Valideynlər övladlarına düzgün yanaşmalı, ailə daxili münaqişələrə son qoymalıdır. Belə hallara göz yummamaq və ciddi tədbirlər görmək insanlıq borcumuzdur. İşsizlik və sosial problemlər də intihara səbəb olur. Buna görə dövlət iş yerlərinin yaradılması və gənclərin sosial problemlərinin həlli ilə bağlı tədbirlər görməlidir.

Gənclərin, xüsusən də 15-18 yaş arasında olan yeniyetmələrin intihar halları qəbul imtahanlarının nəticələrindən sonra artır. Ailələr uşaqlara çox təzyiq göstərir, onları davamlı müqayisə edir və bu, uşaqlarda stress və depressiya yaradır. Cəmiyyətimizdə hər kəsin ali təhsil almalı olması kimi yanlış fikir mövcuddur. Hər kəsin diplomu olmamalıdır. Peşə təhsili də önəmlidir və uşaqların bacarıqlarına uyğun sənətlərə yönləndirilməlidir. Bu, onların gələcəkdə iş tapıb özünü təmin etməsinə kömək edər.

Son olaraq, ailədə və cəmiyyətdə uşaqlarla, yaşlılarla əlaqə sıx olmalıdır. Onların hərəkətlərinə diqqət etməli, yemək yeməyə gəlmirlərsə və ya otağa qapılıblarsa, səbəbini öyrənməliyik. Valideynlər uşaqlarına qarşı davranışlarında diqqətli olmalıdır, çünki valideynlərin səbəb olduğu stres uşaqları intihara sürükləyə bilər və buna görə məsuliyyətə cəlb olunmalıdırlar. İntihar ciddi psixoloji vəziyyətdir və bu hallara göz yummamaq, insanlıq naminə qayğı göstərmək lazımdır ki, intiharların qarşısı alınsın”.

Əlaqəli Xəbərlər