“Uşaqların fiziki və psixoloji inkişafında idmanın rolu danılmazdır”


Uşaqların fiziki və psixoloji inkişafında idmanın rolu danılmazdır. Xüsusilə döyüş və ağır idman növləri, uşaqlara yalnız bədən gücü deyil, həm də intizam, məsuliyyət və özünə inam kimi mühüm keyfiyyətlər qazandıra bilər. Maraqlıdır, görəsən, ağır və döyüş idman növlərinin uşaqların psixologiyasına hansı təsirləri varmı?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, ağır və döyüş idman növlərinin uşaqların psixologiyasına təsiri həm pozitiv, həm də neqativ ola bilər.

Onun sözlərinə görə, bu təsirlər uşağın yaşına, şəxsiyyət xüsusiyyətlərinə, məşqçinin yanaşmasına və məşqlərin düzgün qurulmasına görə dəyişə bilər: “Əgər məşqlər düzgün idarə olunmazsa və uşağa emosiyalarını idarə etməyi öyrətmədən yalnız fiziki gücə fokuslanılarsa, bu zaman uşaq öz gücündən pis niyyətlə istifadə edə bilər. Bu, aqressiv davranışlara və zorakılığa meylin artmasına səbəb ola bilər.

Döyüş və ağır idman növləri bəzən fiziki travmalarla nəticələnə bilər. Bu travmalar həm fiziki, həm də psixoloji cəhətdən uşaq üçün zərərli ola bilər. Xüsusilə tez-tez zədələnən uşaqlarda qorxu, özünə inamsızlıq və idmana qarşı neqativ münasibət yarana bilər. Uşağın bacarıqlarından daha artıq nəticə gözlənildikdə və ya valideynlər və məşqçi tərəfindən davamlı təzyiq göstərildikdə, bu, uşağın psixologiyasında mənfi təsir buraxa bilər. Uşaq özünü daim sübut etməyə məcbur hiss edər və bu da stress, narahatlıq və özgüvən əskikliyi ilə nəticələnə bilər. Əgər idman çox erkən yaşda və yüksək peşəkar səviyyədə tələb olunarsa, uşaq oyun və əyləncəyə kifayət qədər vaxt ayıra bilməz. Bu da onun psixoloji inkişafında balanssızlığa səbəb ola bilər”.

Əlaqəli Xəbərlər