“Azərbaycan 2026-cı ilə qədər AQEM-ə sədrlik edəcək”


“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi çox əlamətdar bir hadisədir”. Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, bundan əvvəlki sessiyaların Çində keçirildiyini nəzərə alsaq, bu tədbirin Çindən kənarda baş tutması xüsusi əhəmiyyət daşıyır: “Digər mühüm məqam isə ondan ibarətdir ki, 2026-cı ilə qədər Azərbaycan bu müşavirəyə sədrlik edəcək. Həmin ilin payızında isə AQEM-in Zirvə Toplantısı Azərbaycanda keçiriləcək. Asiya qitəsinin təxminən 90 faizini əhatə edən və 28 üzv dövləti birləşdirən bu təsisat regionda etimadın gücləndirilməsi, həmçinin ölkələrarası əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti sessiya iştirakçılarına müraciətində də bu məqamı xüsusi vurğulamışdır.

Asiya günü-gündən inkişaf etsə də, əhalisinin artması bu dövlətləri tam qane etmir. Beynəlxalq münasibətlər sistemində Qlobal Cənubun rolu artırılmalıdır. Azərbaycan Prezidenti də çıxışında bu məsələyə toxunaraq bildirdi ki, BMT öz öhdəliklərini yerinə yetirməli, xüsusilə Təhlükəsizlik Şurasında Asiyanın rolu gücləndirilməlidir. Belə müzakirələr həm regionun, həm də ümumilikdə dünyanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Beyin mərkəzlərinin əməkdaşlığı isə ölkələr və xalqlar arasında qarşılıqlı anlayışın möhkəmlənməsinə, regional inteqrasiyanın dərinləşməsinə xidmət edir.

İqtisadi əməkdaşlıq məsələləri də diqqət mərkəzindədir. Azərbaycanın ərazisindən keçən iki mühüm beynəlxalq nəqliyyat dəhlizi – Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin imkanlarının artırılması ölkəmiz və region üçün strateji vəzifədir. Bu istiqamətdə Zəngəzur dəhlizinin işə salınması xüsusi önəm kəsb edir və Vaşinqtonda imzalanmış sənədlərin icrası istiqamətində addımlar atılır.

Regionun təhlükəsizliyi də aktual mövzudur. Xarici təhdidlərdən müdafiə üçün ölkələrin bu sahədə birgə əməkdaşlığı vacibdir. Bununla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində, rəqəmsallaşmada və digər istiqamətlərdə qarşılıqlı fəaliyyətə xüsusi önəm verilir. Təbii ki, bir sessiya ilə bütün problemlərin həll olunacağını söyləmək mümkün deyil, lakin bu prosesin davamlılığı region üçün olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev öz müraciətində həm də müstəmləkəçilik qalığına qarşı mübarizənin vacibliyini diqqətə çatdırmışdır.

Ümumilikdə, bu kimi sessiyalar regionda əməkdaşlığın dərinləşməsinə xidmət edir. Burada beyin mərkəzlərinin rolu xüsusilə önəmlidir və onların fəaliyyəti gələcəkdə də davam etdirilməlidir. Azərbaycanın son illərdə ard-arda nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dünyadakı nüfuzunun və çəkisinin artmasının bariz göstəricisidir”.

Əlaqəli Xəbərlər