Belçikada bibər qazı balonunun leqallaşdırılması müzakirə olunur


Belçikanın bərabər imkanlar üzrə naziri Rob Benders bibər qazı balonunun leqallaşdırılması imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib. SİA “VRT” nəşrinə istinadla xəbər verir ki, irəli sürülən təşəbbüs qadınların küçələrdə təhlükəsizliyinin artırılmasına yönəlmiş tədbirlər paketinin bir hissəsidir.

Nazirin sözlərinə görə, leqallaşdırmanın nəticələri ilə bağlı ətraflı araşdırma aparılacaq. Bibər qazı ilə yanaşı, dəri üzərində bir neçə gün qalan mavi rəngli boya maddəsi ilə təchiz olunmuş və hücum edənin tanınmasını asanlaşdıran “smurf-sprey” adlı vasitə də müzakirə edilir.

“İstəyirəm ki, qadınlar axşam sakitcə gəzə və ya idmanla məşğul ola bilsinlər. Əgər hər üç qadından biri artıq özünü müdafiə etmək üçün bibər qazı balonu, dezodorant və ya açar gəzdirirsə, deməli, biz bu güvənsizlik hissinə reaksiya verməyə borcluyuq”, – deyə Benders “VRT”yə müsahibəsində qeyd edib.

Belçikada bibər qazı balonu məsələsi müzakirələrə səbəb olmağa davam edir. Sağçı Vlaams Belanq partiyası uzun müddətdir onun leqallaşdırılmasını tələb etsə də, digər siyasi qüvvələr buna qarşı çıxır. Lakin qadınların özünümüdafiə vasitələrinə marağı, xüsusilə də Niderlandda 17 yaşlı Liza adlı qızın qətlə yetirilməsindən sonra xeyli artıb.

Benders vurğulayıb ki, leqallaşdırma sadəcə kompleks yanaşmanın bir hissəsidir. Küçə işıqlandırılmasının yaxşılaşdırılması və gənclərlə iş aparılması da mühüm əhəmiyyət daşıyır. “Bələdiyyələrlə küçələrdə işıqlandırmanın bərpası barədə danışmaq və gənclərin sosial şəbəkələrdən aldığı həssas məzmunla mübarizə aparmaq lazımdır”, – deyə nazir əlavə edib.

Əlaqəli Xəbərlər