“Rusiya miqrantlarla bağlı qanunları sərtləşdirir. Daha da sərt qərarlar qəbul olunur, miqrantların deportasiya olunması artıq gündəmdədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiya əvvəlki kimi miqrantlar üçün əlverişli ölkə statusundan çıxır:
“Yeni qəbul olunan qanunlar və inzibati qərarlar göstərir ki, rəsmi Moskva artıq miqrant axınının idarə edilməsində daha sərt və nəzarətçi yanaşma tətbiq edir. Bu prosesin mərkəzində əsasən Orta Asiya və Cənubi Qafqaz ölkələrindən olan əmək miqrantları, o cümlədən azərbaycanlılar dayanır. Miqrantların sənədlərinə, yaşayış yerlərinə, iş şəraitinə və ölkədə qalma müddətinə qarşı daha ciddi nəzarət tədbirləri tətbiq olunur. Deportasiya halları artıb və hüquq-mühafizə orqanlarının miqrantlara qarşı zorakı davranışlarına dair xəbərlər dəfələrlə ictimailəşdirilib.
Təbii ki, Rusiya bununla qonşu ölkələrə də təsir edir. Qonşu ölkələrdən olan miqrantlara qarşı sərt qərarlar da artıq qüvvəyə minir. Konkret olaraq Rusiyada azərbaycanlılara qarşı zorakılıq halları artır. Onların deportasiyası, həmçinin Ukraynaya müharibə üçün göndərilməsi də bunun bariz nümunəsidir. Ümumiyyətlə azərbaycanlılar işləmək üçün Rusiyaya getməyi dayandırmalıdır. Əgər getsələr sərt miqrant qanunları ilə üzləşəcəklər. Onlar hərəkət məhdudiyyəti, daim izlənmə ilə qarşılaşacaqlar. Təbii ki, bu da Rusiya iqtiadiyyatına da təsir edəcək. Amma düşünürəm ki, bir müddət sonra Rusiya gələcəkdə miqrantlarla bağlı bir sıra güzəştlərə gedə bilər”.