“Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə etdiyi hər bir səfər təkcə siyasi deyil, eyni zamanda milli ruhun dirçəlişi, xalqımızın tarix qarşısında qürur anları kimi qiymətləndirilir. Hər belə səfər ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının real nəticələrini ortaya qoymaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpasının, Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirilməsinin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, cənab Prezidentin bu torpaqlara səfəri zamanı istər strateji əhəmiyyətə malik infrastruktur layihələrinin təməli qoyulur, istərsə də müasir standartlara uyğun qurulan sosial obyektlərin açılışı həyata keçirilir:
“Bu səfərlər, eyni zamanda, regionun tamamilə yeni bir mərhələyə qədəm qoyduğunun göstəricisidir. Xüsusilə də Prezident İlham Əliyevin Xankəndi, Xocalı və Hadruta etdiyi səfərlər Azərbaycan tarixində yeni səhifə açan, millətin yaddaşında əbədi qalacaq hadisələrdən biridir. Bu səfərlərin hər biri Azərbaycan xalqının uzun illər arzuladığı, əziyyətlə gözlədiyi bir mənzərənin – doğma torpaqlara qayıdışın, azadlıq və suverenliyin tam bərpa olunmasının təntənəsidir. Bu səfərlərdə ölkə başçısının bölgə sakinləri ilə keçirdiyi səmimi görüşlər, onların problemləri ilə yaxından tanış olması və gələcəyə dair verdiyi aydın mesajlar Qarabağın dirçəliş prosesinin xalqla birgə həyata keçirildiyinin sübutudur. Xankəndidə artıq Azərbaycan dövlətçiliyinin bütün atributları ilə bərpa olunması prosesi uğurla davam etdirilir. Şəhərin sosial və inzibati infrastrukturu tamamilə yenidən qurulur, burada azərbaycanlı ailələrin məskunlaşması prosesi dövlətin güclü siyasi iradəsi və planlı şəkildə həyata keçirilən proqramlar əsasında sürətlə aparılır. Xankəndi Dövlət Universitetinin fəaliyyətə başlaması da bu prosesin önəmli hissəsidir. Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər bu ali təhsil müəssisəsinə böyük maraq göstərir, bu isə şəhərdə gənc nəsil üçün yeni imkanların açıldığını nümayiş etdirir. Bu, təkcə təhsil sahəsində deyil, həm də şəhərin mədəni və ictimai həyatının canlanmasında mühüm rol oynayacaq. Xocalı rayonunun kəndlərində aparılan abadlıq-quruculuq işləri xüsusi əhəmiyyət daşıyır. Bu kəndlər təkcə fiziki olaraq bərpa edilmir, həm də onların tarixi və mənəvi ruhu dirçəlir. Xocalıdan olan sakinlərin – illərlə yurd həsrəti çəkən insanların – yenidən doğma torpaqlarına qayıdaraq burada yaşayışa başlaması əsl tarixi ədalətin bərpasıdır. Bu insanların bir çoxu 1992-ci ildə törədilən Xocalı soyqırımının canlı şahidləridir. Onların indi azad, təhlükəsiz və rifahlı şəraitdə doğma torpaqlarına qayıtması təkcə onların deyil, bütün xalqımızın haqq işinin təntənəsidir. Cənab Prezident İlham Əliyevin Qarabağa hər səfərində bir və ya bir neçə yeni kəndin və ya qəsəbənin tam bərpa olunaraq sakinlərinə təhvil verilməsi artıq ənənəyə çevrilib. Bu kəndlərdə tikilən yeni evlər, məktəblər, tibb mərkəzləri, uşaq bağçaları, mədəniyyət evləri və digər sosial obyektlər əhalinin yüksək rifah səviyyəsini təmin etməyə yönəlib. Eyni zamanda, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyaları əsasında həyata keçirilən layihələr bu bölgələri təkcə bərpa edilmiş ərazilər deyil, həm də müasir texnologiyaların tətbiq olunduğu qabaqcıl yaşayış məkanlarına çevirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ sürətlə dirçəlir. Bu dirçəliş həm fiziki, həm də mənəvi-mədəni müstəvidə həyata keçirilir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın dirçəldilməsi, burada beynəlxalq tədbirlərin keçirilməsi, Qarabağ Zəfərinin ruhunu əks etdirən abidələrin ucaldılması da bu prosesin tərkib hissəsidir. Bütün bu görülən işlər bir daha sübut edir ki, Azərbaycan dövləti azad olunmuş əraziləri yalnız siyasi və hərbi yollarla deyil, eyni zamanda iqtisadi, sosial və mədəni baxımdan da dirçəldərək bu torpaqlarda əbədi və dayanıqlı həyat qurmağa sadiqdir. Cənab Prezidentin bu istiqamətdə apardığı məqsədyönlü və uzaqgörən siyasət nəticəsində azad Qarabağda həyat yenidən doğulur”.