“İqlim maliyyələşməsi artıq təxirə salına biləcək məsələ deyil“


“İqlim maliyyələşməsi son illərin ən çox müzakirə olunan mövzularından biridir. Bütün dünya iqlim böhranının təsirlərini daha aydın hiss etdikcə, məsələnin yalnız ekoloji deyil, həm də maliyyə, sosial və siyasi xarakter daşıdığı ortaya çıxır. Bu gün inkişaf etməkdə olan ölkələrin qarşılaşdığı ən böyük çətinliklərdən biri iqlim dəyişməsinə uyğunlaşmaq və onun fəsadlarını yumşaltmaq üçün yetərli maliyyə vəsaitinə çıxış imkanlarının məhdud olmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

O bildirib ki, qlobal maliyyə axınları, əsasən, inkişaf etmiş ölkələrin əlində cəmlənib və onların verdiyi vədlər çox vaxt reallıqla üst-üstə düşmür: “Hələ 2009-cu ildə zəngin ölkələr hər il 100 milyard dollar vəsait ayıracaqlarını bəyan etsələr də, bu rəqəm uzun illər sadəcə kağız üzərində qaldı. Digər tərəfdən, vəsaitlərin necə bölüşdürülməsi, kreditlərin qrantlarla əvəz olunmaması, bürokratik prosedurların mürəkkəbliyi də prosesin əsas maneələri kimi qalmaqdadır.

Bu çətinliklər fonunda COP29-un Bakıda keçirilməsi dünya miqyasında diqqəti məhz iqlim maliyyələşməsi məsələsinə yönəltdi. Sammitin ən mühüm nəticələrindən biri “Yeni Kollektiv Kəmiyyət Məqsədi”nin (NCQG) müzakirəyə çıxarılması oldu. Bu, sadəcə 100 milyardlıq vədin əvəzində daha böyük və daha effektiv maliyyə mexanizmlərinin formalaşdırılmasına aparan yol xəritəsi kimi qiymətləndirilir. COP29 həmçinin maliyyənin daha şəffaf, daha əlçatan və ehtiyacları qarşılayan formada yönəldilməsi üçün prinsipial razılıqların əldə olunmasına imkan yaratdı. Burada əsas vurğulardan biri inkişaf etmiş ölkələrin məsuliyyət hissinin artırılması, digər tərəfdən isə özəl sektorun prosesə cəlb olunması oldu. Çünki iqlim böhranı təkcə dövlətlərin öhdəsindən gələ biləcəyi məsələ deyil, maliyyə bazarlarının, investisiya fondlarının və beynəlxalq təşkilatların aktiv iştirakı zəruridir.

COP29-un verdiyi ən mühüm mesaj ondan ibarət idi ki, iqlim maliyyələşməsi artıq təxirə salına biləcək məsələ deyil. İnkişaf etməkdə olan ölkələrin gələcəyi, qlobal iqtisadi tarazlıq və sosial sabitlik məhz bu vəsaitlərin vaxtında və düzgün yönəldilməsindən asılıdır. Bakı sammiti iqlim diplomatiyasında mühüm mərhələ kimi tarixə düşdü və prosesə siyasi iradə ilə yanaşı, yeni praktiki mexanizmlər qazandırdı. İndi əsas məsələ qəbul edilən qərarların kağız üzərində qalmaması, real həyata və insanların gündəlik yaşamına toxunan nəticələr verməsidir”.

Əlaqəli Xəbərlər