…1990-cı ildə Rusiyanın dəstəyi ilə Moldovadan ayrılan Dnestryanı getdikcə Moskvaya dəstəyini itirir.
SİA-nın məlumatına görə, CEPA yazır ki, Kremlin yanvar qaz böhranına zəif reaksiyası və regionun Avropa İttifaqı ilə ticarətdən artan asılılığı Moldova ilə reinteqrasiya dəstəyini artırıb.
2024-cü ilin payızında keçirilən sorğuya əsasən, Dnestryanı sakinlərin 45 faizi birləşməyə, 38 faizi isə əleyhinə səs verib. Vəziyyət Moskvanın enerji təchizatını təmin etməməsi ilə daha da pisləşib.
…“Qazprom”un yardımı yalnız bir aydan sonra çatdı, Kişinyov isə dərhal üç milyon kubmetr qaz ötürdü, Avropa İttifaqı isə 30 milyon avro ayırdı. Bölgənin lideri Vadim Krasnoselski əvvəllər ağlasığmaz olan dəstəyə görə Brüsselə təşəkkür edib.
Bu gün Dnestryanı ixracının 77 faizi Avropa İttifaqına gedir, Rusiya ilə ticarət isə demək olar ki, iflasa uğrayıb.
Kremlin təbliğat üstünlüyü də sarsılıb: Tiraspol qazın Moldova ərazisindən nəqli müqabilində güzəştə getməyə məcbur olub – siyasi məhbusları azad edib, 11 nəzarət-buraxılış məntəqəsini yığışdırıb və Moldova-1 milli telekanalının yayımına icazə verib.
Bu fonda Moldova sentyabrın 28-də keçiriləcək parlament seçkilərinə hazırlaşır və bu, ölkənin təkcə avropayönlü kursunu yox, həm də Dnestryanı ilə birləşmə perspektivlərini sınaqdan keçirəcək.
Sorğular göstərir ki, Moldovanın özündə vətəndaşların 74 faizi Rusiyaya mənfi, 90 faizi isə Avropa İttifaqına müsbət münasibət bəsləyir.
Bu arada Moskva rusiyayönlü siyasətçiləri, o cümlədən Moskvadan kampaniya aparan qaçaq oliqarx İlan Şoru dəstəkləməkdə davam edir.
Lakin Kremlin müttəfiqlərini qoruya bilməməsi və iqtisadi zəifliyi onun təsirini zəiflədə bilər.
Dnestryanıda əhval-ruhiyyənin dəyişməsi Kişinyov və Avropa İttifaqı üçün fürsət pəncərəsi açır.
İqtisadi inteqrasiya, yeni infrastruktur layihələri və alternativ informasiya mənbələrinə çıxış tədricən regionun Moldova ilə sülh yolu ilə birləşməsi üçün zəmin hazırlaya bilər.
Əli Babayev