“Aqrar sığortanın imkanları hələ tam istənilən səviyyəyə çatmayıb“


“Azərbaycanın torpaq ehtiyatları həm iqtisadi, həm də strateji baxımdan ölkəmizin ən böyük sərvətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurun azad olunması ilə bu potensial daha da artıb. Çünki həmin ərazilər həm münbit torpaqları, həm də zəngin su ehtiyatları ilə kənd təsərrüfatı üçün misilsiz imkanlar yaradır. Azərbaycanın müxtəlif iqlim qurşaqlarına malik olması, torpaq növlərinin zənginliyi, həm taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, həm də heyvandarlıq üçün əlverişli şərait yaradır. Bu gün kənd təsərrüfatı ölkənin iqtisadiyyatında mühüm yer tutur və qeyri-neft sektorunun aparıcı sahələrindən biri hesab olunur. Amma torpaq potensialından səmərəli istifadə yalnız istehsal prosesinin genişlənməsi ilə ölçülmür. Burada risklərin idarə olunması da xüsusi əhəmiyyət kəsb edir. Təbii fəlakətlər, iqlim dəyişmələri, xəstəliklər və digər amillər kənd təsərrüfatı istehsalçıları üçün daim təhlükə mənbəyi olub. Məhz buna görə də aqrar sığorta mexanizmlərinin yaradılması son illərdə əsas prioritetlərdən birinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Deputat bildirib ki, hazırda Azərbaycanda Aqrar Sığorta Fondu fəaliyyət göstərir və bu qurum fermerlərə həm heyvandarlıq, həm də bitkiçilik sahələrində sığorta imkanları təqdim edir. Dövlətin dəstəyi ilə tətbiq edilən bu mexanizm fermerlərin risklərini minimuma endirməyi, kənd təsərrüfatı sahəsini daha dayanıqlı və sabit etmək məqsədini daşıyır: “Fermerlər torpaqdan daha inamla istifadə edir, məhsuldarlığı artırmaq üçün investisiya qoymaqdan çəkinmirlər. Bu da ümumilikdə aqrar sektorun inkişafına təkan verir.

Əlbəttə, aqrar sığortanın imkanları hələ tam istənilən səviyyəyə çatmayıb. Maarifləndirmə, mexanizmlərin sadələşdirilməsi, daha çox fermerin bu prosesə cəlb edilməsi hələ də vacib vəzifələr kimi qalır. Lakin artıq əsas baza formalaşıb və dövlət dəstəyi ilə bu istiqamətdə əhəmiyyətli addımlar atılıb.

Ümumilikdə, Azərbaycanın torpaq potensialı böyükdür və aqrar sığortanın tətbiqi bu potensialın dayanıqlı və təhlükəsiz istifadəsi üçün mühüm zəmin yaradır. Qarabağın münbit torpaqları da tam istifadəyə qaytarıldıqca, bu sahədə həm iqtisadi, həm də sosial baxımdan yeni inkişaf mərhələsinin başlanacağı şübhəsizdir”.

Əlaqəli Xəbərlər