Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən həyata keçirilən “PeşəFest-2025”in növbəti dayanacağı Biləsuvar şəhəri olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq və onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır.
Biləsuvar rayon ictra hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək rayonun yeniyetmə və gənclərinin peşələrə marağının artırılmasında və əmək bazarının tələblərinə uyğun peşə seçimi etməsində “PeşəFest”in rolunu yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov gənclərin uğurlu karyera qurmalarında, müasir peşələr barədə dolğun məlumat almalarında və onlarda əyani təsəvvürün formalaşmasında “PeşəFest”in xüsusi rolu olduğunu qeyd edib.
DMA-nın sədr müavini H. Abbasov çıxış edərək “PeşəFest”in ölkənin 11 iqtisadi rayonunu əhatə edən interaktiv karyerayönümlü layihə olduğunu, festivalın gənclərə və yeniyetmələrə müxtəlif peşələri tanıtmağa, onlara peşə seçimində dəstək olmağa xidmət etdiyini bildirib.
Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.
Festivalın növbəti ünvanı sentyabrın 22-də Tovuz rayonu olacaq.
Qeyd edək ki, festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.
İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Festival ölkəmizin ayrı-ayrı bölgələrində oktyabrın 16-dək davam edəcək.