“27 sentyabr Azərbaycanın qələbələr və suverenlik tarixində dönüş nöqtəsidir”


“Müstəqillik dövründə xalqımız yalnız dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində deyil, həm də özünün milli müharibələr və milli qələbələr tarixini öyrənmək xoşbəxtliyinə nail oldu. Bu, Azərbaycan xalqının taleyində dönüş nöqtəsi idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, müstəqilliyə qədər bizə yad olan dövlətlərin müharibələrini, onların qələbələr tarixini öyrənməyə məcbur idik. 70 ildən artıq müddətdə həmin ideologiyanın təsiri altında yaşasaq da, xoşbəxtlik ondadır ki, yad müharibələrin və yad qələbələrin ruhu heç vaxt xalqımızın ruhuna köçə bilmədi: “Əksinə, milli ruhumuz, milli azadlıq istəklərimiz daim yaşadı və tarixi məqam yetişəndə özünü böyük bir güc kimi büruzə verdi. Məhz müstəqillik dövründə bizim tariximizdə yeni bir səhifə açıldı. Bu səhifədə 27 sentyabrın xüsusi yeri var. 27 sentyabr yalnız bir tarixi gün deyil, Azərbaycan xalqının müasir dövrdə öz gücünü, birliyini və mübarizə əzmini göstərdiyi simvolik bir tarixdir. Bu günün əlamətdar olmasının bir neçə əsas səbəbi var: Birincisi, düşmənin təxribat və hücum aktı qarşısında Azərbaycan Ordusu qətiyyətlə dayandı, qısa müddətdə əks-hücuma keçərək əməliyyatı qələbələrlə başa çatdırdı. Bu, xalqımızın döyüş ruhunun, dövlətimizin hərbi gücünün və komandanlığın peşəkarlığının bariz nümunəsi oldu.

İkincisi, 27 sentyabrda başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. On illərlə davam edən işğala son qoyuldu, torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu.

Üçüncüsü, Azərbaycan düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu, təkcə hərbi qələbə deyil, həm də siyasi, diplomatik və mənəvi qələbə idi. Çünki dünya gördü ki, Azərbaycan öz gücü ilə, heç bir xarici dəstək almadan haqq işini həyata keçirə bildi.

Dördüncüsü, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən dövlət kimi beynəlxalq aləmdə yeni status və nüfuz qazandı. Əgər 27 sentyabr olmasaydı, ölkəmiz hələ də beynəlxalq müstəvidə işğal qurbanı, məğlub mövqedə göstəriləcəkdi. Lakin 27 sentyabrdan sonra Azərbaycan artıq qalib, öz sözünü deyən, siyasətini diktə edən, nüfuzlu bir dövlət kimi tanındı.

27 sentyabrda başlayan proseslər təkcə hərbi uğurlarla bitmədi. Bu, həm də ölkəmizin suverenliyinin tam təmin edilməsinə, regionda yeni reallıqların formalaşmasına gətirib çıxardı. Bu yolun sonunda Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, dünyada qalib dövlət imicini formalaşdırdı və xalqımız özünün müstəqilliyinə sahib çıxmağın necə böyük xoşbəxtlik olduğunu bütün dünyaya nümayiş etdirdi.

Ona görə də 27 sentyabr yalnız bir müharibənin başlanğıcı deyil, həm də qələbələrə, suverenliyə, milli birliyə və müasir Azərbaycan dövlətinin daha güclü şəkildə möhkəmlənməsinə aparan yolun başlanğıcıdır. Bu gün yeni nəsil – müstəqillik dövründə formalaşmış gənclik üçün 27 sentyabr həm sınaq, həm də qürur günüdür. Çünki gənclər məhz bu tarixi proseslərin içində xalqımızın əzmini, dövlətimizin qüdrətini və Vətən sevgisinin böyüklüyünü görərək böyüyürlər”.

Əlaqəli Xəbərlər