Əlilliyi və ya fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətlə inteqrasiyası, müasir cəmiyyətin sosial ədalət və inklüzivlik dəyərlərinin ən önəmli göstəricilərindən biridir. Hər bir fərd, fiziki və ya əqli bacarıqlarına görə qiymətləndirilməməli, bərabər imkanlara malik olmalıdır. Lakin reallıq göstərir ki, əlilliyi olan insanlar hələ də bir sıra sosial, iqtisadi və mədəni maneələrlə üz-üzə qalırlar. Azərbaycanda bu problem xüsusilə aktuallıq kəsb edir, çünki ölkədə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində qanunvericilik mövcud olsa da, onun tətbiqi və ictimai şüurun bu məsələyə yanaşması hələ tam yetərli deyil.
Cəmiyyətin müxtəlif sahələrində (təhsil, iş, nəqliyyat, ictimai məkanlar) əlilliyi olan şəxslərin iştirak imkanlarının məhdud olması onların sosial izolyasiyasına səbəb olur. Məhdud infrastruktur, əlçatan nəqliyyat vasitələrinin azlığı, ictimai yerlərdə lazımi şəraitin olmaması və bəzən stereotiplərin davam etməsi bu şəxslərin gündəlik həyatını çətinləşdirir. Bununla yanaşı, dövlət tərəfindən həyata keçirilən proqramlar və qeyri-hökumət təşkilatlarının təşəbbüsləri mövcuddur, lakin onların əhatə dairəsi və təsir gücü hələ geniş kütlələrə çatmır.
Bu araşdırmanın məqsədi, Azərbaycanda əlilliyi və fiziki məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasını təhlil etmək, qarşılaşdıqları çətinlikləri aşkara çıxarmaq və real həll yollarını təklif etməkdir. Eyni zamanda, bu işdə sosial və hüquqi aspektlər birgə araşdırılacaq, beynəlxalq təcrübə ilə müqayisələr aparılmışdır. Araşdırma həm statistika, həm qanunvericilik, həm də əlilliyi olan şəxslərin real həyatda yaşadıqları təcrübələr əsasında hazırlanmışdır.
Mövzunun aktuallığı təkcə hüquqi çərçivədə deyil, eyni zamanda sosial və humanist baxımdan da böyük əhəmiyyət kəsb edir. İnsanların həyat keyfiyyətinin yüksəldilməsi, cəmiyyətin bütün üzvlərinə bərabər imkanların təmin olunması və sosial inteqrasiyanın gücləndirilməsi, yalnız əlilliyi olan şəxslərin deyil, bütövlükdə ölkənin inkişafına töhfə verir. Bu səbəbdən mövzunun tədqiqi, həm dövlət siyasəti, həm də ictimai şüurun formalaşması baxımından vacibdir.
Azərbaycanda əlillik və fiziki məhdudiyyət: gündəlik həyatın reallıqları
Azərbaycanda əlilliyi olan və ya fiziki məhdudiyyətli insanların sayı təxminən 700-800 min nəfərdir. Bu, ölkə əhalisinin az qala 7%-i deməkdir. Lakin onların çoxu gündəlik həyatın adi məsələlərində böyük çətinliklərlə üzləşir. Fiziki maneələr yalnız bəzən bir ayaq və ya qol problemi demək deyil, onlar təhsil, iş, ictimai nəqliyyat və sosial həyatın hər sahəsində özünü göstərir.
Əlillik bir çox formada ola bilər. Bəziləri hərəkət etməkdə çətinlik çəkir, bəziləri eşitmək və ya görməkdə məhdudiyyət yaşayır, bəziləri isə əqli və zehni inkişaf baxımından dəstəyə ehtiyac duyur. Hər kateqoriya fərqli problemlər və cəmiyyətlə inteqrasiya yolları tələb edir. Hüquqi baxımdan əlilliyi olan şəxslərin hüquqları Azərbaycan qanunvericiliyində qorunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun onların təhsil, iş və sosial xidmətlərdən bərabər istifadə etməsini nəzərdə tutur. Dövlət tərəfindən pensiya və müavinətlər verilir, bəzi ictimai binalar və nəqliyyat vasitələri əlçatan edilməyə çalışılır. Lakin qanun kağız üzərində qaldıqda, real həyat bunun əksini göstərir.
Məsələn, Bakı metrosunun əksər stansiyaları hələ də fiziki məhdudiyyətli şəxslər üçün əlçatan deyil. Avtobuslarda qaldırıcı platformalar nadirdir. Kənd yerlərində vəziyyət daha ağırdır. Dar küçələr, əlçatan olmayan binalar və ictimai nəqliyyatın demək olar ki, olmaması sosial izolyasiyanı artırır. Statistikalar da ürəkaçan deyil. Əlilliyi olan şəxslərin cəmi 30-35%-i işləyir. Təhsil sahəsində də eyni vəziyyət müşahidə olunur. İnklüziv məktəblərin sayı azdır, xüsusi təhsil müəssisələrinin resursları məhduddur. Sosial stereotiplər isə vəziyyəti daha da çətinləşdirir. Bir çox insan hələ də əlilliyi olan şəxsləri cəmiyyətin “qonağı” kimi görür, onların səsini eşitməyin, fikirini nəzərə almanın önəmini dərk etmir.
Ancaq ölkədə işıq görən nümunələr də var. Qeyri-hökumət təşkilatları əlilliyi olan şəxslərin məşğulluğunu artırmaq, ictimai yerləri əlçatan etmək üçün layihələr həyata keçirir. Bu layihələr həm hüquqi dəstəyi, həm də ictimai şüuru birgə inkişaf etdirməyə çalışır. Beləliklə, əlilliyi olan şəxslərin cəmiyyətlə inteqrasiyası Azərbaycanda hələ də ciddi çağırışlarla üzləşir. Bu çağırışların həlli yalnız qanunların mövcudluğu ilə deyil, həm də ictimai şüurun dəyişməsi, infrastrukturun əlçatanlaşdırılması və real dəstək mexanizmlərinin qurulması ilə mümkündür.
Fiziki mühit və infrastruktur
Azərbaycanda əlilliyi olan insanların gündəlik həyatında ən böyük maneələrdən biri fiziki mühitin əlçatan olmamasıdır. Bu, təkcə şəhər infrastrukturu ilə bağlı deyil, kəndlərdə, məktəblərdə, xəstəxanalarda, park və ictimai məkanda da ciddi problemlər mövcuddur. Fiziki məhdudiyyəti olan şəxslər üçün hər bir addım, hər bir səyahət böyük bir planlama tələb edir.
Nəqliyyat sistemi əlilliyi olan şəxslərin cəmiyyətlə əlaqəsinin əsas vasitəsidir. Bakı və digər iri şəhərlərdə metro, avtobus və taksi xidmətləri mövcuddur, amma onların əksəriyyəti əlillər üçün uyğunlaşdırılmayıb. Məsələn, metronun əksər stansiyalarında qaldırıcı platformalar yoxdur, bu isə hərəkət məhdudiyyəti olan insanlar üçün ciddi problem yaradır. Avtobuslarda əlilliyi olan şəxslər üçün xüsusi yerlər nəzərdə tutulsa da, qaldırıcı və ya rampların işlək vəziyyətdə olmaması onları istifadəsiz edir. Kənd yerlərində vəziyyət daha kritikdir və bu vəziyyət kənddə yaşayan əlilliyi olan şəxslərin sosial izolyasiyasını artırır. Bəzi qeyri-hökumət təşkilatları əlilliyi olan şəxslərin nəqliyyatdan rahat istifadə etməsi üçün pilot layihələr həyata keçirib, amma bunlar hələ geniş yayılmayıb. Bu şəxslərin əksəriyyəti ya taksi çağırmağa, ya da ailə üzvlərinə və yaxınlarına güvənməyə məcburdur.
İctimai məkanların əlçatanlığı məsələsi də ciddi problemlər yaradır. Parklar, idman meydançaları, muzeylər və xəstəxanalar hələ də tam əlçatan deyil. Bir çox məktəb binasında pilləkənli girişlər var və qaldırıcı sistemlər quraşdırılmayıb. Bu, fiziki məhdudiyyətli uşaqların təhsilə əlçatanlığını əngəlləyir. Xəstəxanalarda və klinikalarda əlilliyi olan şəxslər üçün xüsusi giriş və xidmət sistemi çox məhduddur. Tez-tez qeyd olunur ki, həm tibbi personalın məlumatlılığı, həm də infrastrukturun uyğunsuzluğu onların müalicəyə çıxışını çətinləşdirir. İctimai parklar və mədəniyyət obyektləri də oxşar problemlərlə üzləşir, rampalar çox vaxt ya quraşdırılmayıb, ya da işlək deyil. İctimai sanitar-gigiyenik məkanlar əlillər üçün uyğunlaşdırılmayıb. Bunun nəticəsi olaraq, əlilliyi olan şəxslər ictimai həyatdan çəkilməyə və sosial əlaqələrdən uzaqlaşmağa meylli olur. Sosial izolyasiya yalnız fiziki maneələrdən yaranmır, eyni zamanda insanların onların iştirakı üçün yaradılmış şəraitin yetərsizliyindən də qaynaqlanır.
Təhsil sahəsində əlilliyi olan şəxslərin inteqrasiyası hələ tam təmin olunmayıb. İnklüziv məktəblərin sayı çox azdır və onların resursları məhduddur. Bu, həm müəllim heyətinin əlavə hazırlıqsız olması, həm də məktəb infrastrukturu ilə bağlıdır. Kənd və şəhər fərqi burada da özünü göstərir. Kənd məktəblərində əlçatanlıq demək olar ki, yoxdur.
Əmək bazarında vəziyyət eyni dərəcədə çətindir. Statistik göstəricilərə görə, əlilliyi olan şəxslərin yalnız 30-35%-i işlə təmin olunub. Çox vaxt bu şəxslər ya evdə qalmağa, ya da sosial yardım proqramlarına güvənməyə məcburdur. İş yerlərində əlçatanlıq, uyğunlaşmış iş şəraiti və əmək bazarında bərabər imkanların olmaması onların cəmiyyətə inteqrasiyasını məhdudlaşdırır.
Fiziki məhdudiyyət yalnız infrastruktur problemi deyil. Sosial stereotiplər və ictimai münasibət də ciddi maneə yaradır. Cəmiyyət bəzən əlilliyi olan şəxsləri pasif və ya asılı kimi görür. Bu isə onların səsini eşitməyə, cəmiyyətdə iştirak etməyə imkan vermir. Lakin dəyişikliklər də baş verir. Qeyri-hökumət təşkilatları, bəzi dövlət proqramları və ictimai kampaniyalar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını artırmağa çalışır. Məsələn, xüsusi proqramlar vasitəsilə metro və avtobuslarda əlilliyi olan şəxslərin rahat istifadəsi üçün təlimlər keçirilir, məktəblərdə inklüziv dərslər təşkil olunur.
Sosial və psixoloji çətinliklər: görünməyən divarlar
Fiziki maneələr yalnız bir tərəfdir, Azərbaycanda əlilliyi olan insanların qarşılaşdığı görünməyən divarlar (sosial qınaq, stereotiplər və psixoloji təzyiqlər) çox vaxt daha ağırdır. Hər gün küçəyə çıxmaq, ictimai nəqliyyatdan istifadə etmək, işə getmək və ya sadəcə dostları ilə görüşmək onlar üçün kiçik bir sınaq kimi görünür.
Cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı stereotiplər hələ də güclüdür. İnsanlar onları tez-tez pasif, asılı və ya “yardıma möhtac” kimi görür. Bu yanaşma yalnız onların sosial iştirakını məhdudlaşdırmır, həm də özünəinam və psixoloji sağlamlığa təsir edir. Məsələn, fiziki məhdudiyyətli gənclərin böyük bir qismi işə müraciət edərkən “bu iş sənə uyğun deyil” və ya “fiziki vəziyyətin bunu etməyə imkan vermir” kimi cavablarla qarşılaşır. Bu, onların yalnız iqtisadi müstəqilliyini deyil, həm də cəmiyyətlə əlaqələrini məhdudlaşdırır. Sosial izolyasiya, depressiya və özünəqiymətin azalması ilə nəticələnə bilər.
Təhsil sahəsində də əlilliyi olan şəxslər bir çox psixoloji çətinliklə üzləşir. İnklüziv məktəblərin azlığı, müəllimlərin əlavə hazırlıqsızlığı və həmyaşıd uşaqların bəzən mənfi münasibəti onların dərslərə motivasiyasını azaldır. Fiziki məhdudiyyəti olan uşaqların özünü digər uşaqlardan fərqli hiss etməsi, sosial əlaqələrdə çətinlik yaşaması, emosional gərginliyi artırır. Bəzi valideynlər isə uşaq üçün “xüsusi məktəb” seçimi ilə sosial inteqrasiyanı məhdudlaşdırır. Nəticədə, əlilliyi olan uşaqlar həm təhsil, həm də ictimai əlaqələr baxımından geridə qalır.
İş bazarında əlilliyi olan şəxslərin vəziyyəti də oxşardır. Təxminən hər üç əlilliyi olan şəxsdən biri işlə təmin olunub. Qalanlar ya sosial müavinətlərə güvənir, ya da ailə dəstəyi ilə yaşayır. İş yerlərində maneəsiz mühitin olmaması, iş prosesinə uyğunlaşma imkanlarının azlığı və həmkarların stereotipləri onların psixoloji sağlamlığına mənfi təsir göstərir. Bir çox əlilliyi olan gənc öz hekayələrində deyir: “İşə qəbul prosesində sənə imkan vermək istəmirlər. Sanki sən artıq uğursuzluğa məhkum edilmisən.” Bu, həm depresiyaya, həm də özünü cəmiyyət üçün “yüklü” hiss etməyə gətirib çıxarır.
Psixoloji çətinliklər fiziki maneələrdən daha görünməzdir, amma təsiri daha dərindir. Sosial izolyasiya, stereotiplər, təhsil və işdəki çətinliklər, ailə və ictimai münasibətlərdə bəzən gərginlik yaradır. Depressiya, narahatlıq və sosial fobiya əlilliyi olan şəxslərdə digər vətəndaşlara nisbətən daha çox müşahidə olunur. Hətta şəhərlərdə yaşayan fiziki məhdudiyyətli gənclər də bəzən ictimai həyatdan çəkinir, dostları ilə az görüşür, ictimai tədbirlərdən kənarda qalır. Kənd yerlərində bu vəziyyət daha dramatikdir: sosial təcrid, infrastrukturun əlçatan olmaması və ətrafdakı insanların stereotipləri birləşərək əlilliyi olan şəxslərin həyat keyfiyyətini ciddi şəkildə azaldır.
Buna baxmayaraq, dəyişikliklər də baş verir. QHT-lər, dövlət proqramları və bəzən medianın təşəbbüsləri sosial stereotipləri yavaş-yavaş qırır. Bəzi məktəblərdə inklüziv dərslər, iş yerlərində əlilliyi olan şəxslərə uyğun iş şəraiti, ictimai kampaniyalar vasitəsilə cəmiyyətin maarifləndirilməsi bu gedişi dəstəkləyir. Məsələn, Bakıda bir neçə gənc fiziki məhdudiyyətli şəxslər üçün startap və ya təhsil layihələri uğurla həyata keçirilir. Bura daxildir UNEC-də inklüziv startap dəstəyi, “NAR”ın peşə təlimi və məşğulluq layihəsi və “Development with Rafet” layihəsi. Bu layihələr yalnız onların iqtisadi müstəqilliyini təmin etmir, həm də psixoloji sağlamlıq və sosial inteqrasiyaya mühüm dəstək olur.
Beynəlxalq təcrübə və Azərbaycanda tətbiqi
Avropanın bir çox şəhərində əlilliyi olan şəxslərin cəmiyyətlə tam inteqrasiyası adi həyatın bir hissəsi kimi qəbul olunur. Məsələn, Kopenhagenin küçələrində hər künc əlçatan rampalarla təchiz olunub, avtobus və metro stansiyaları hərəkət məhdudiyyətli insanlar üçün nəzərdə tutulub. Londonda isə hər məktəb inklüziv təhsil standartına uyğun fəaliyyət göstərir. Uşaqların ehtiyaclarına uyğunlaşdırılmış dərs proqramları və müəllim hazırlığı onları həm sosial, həm də akademik həyatda bərabər imkanlarla təmin edir. Bu yanaşma yalnız fiziki əlçatanlığı təmin etmir, həm də sosial stereotipləri qırır, psixoloji sağlamlığı qoruyur və fərdlərin cəmiyyətdə fəal iştirakını mümkün edir.
Azərbaycanda vəziyyət hələ tam ideal deyil, amma kiçik uğur nümunələri var. Bakı və digər iri şəhərlərdə bir neçə metro stansiyasında qaldırıcı platformalar quraşdırılıb, bəzi məktəblərdə inklüziv siniflər fəaliyyət göstərir. Avropadan fərqli olaraq bu layihələr hələ pilot səviyyəsindədir, amma göstərir ki, düzgün yanaşma ilə real dəyişiklik mümkündür.
Beynəlxalq təcrübə göstərir ki, əlilliyi olan şəxslərin cəmiyyətlə tam inteqrasiyası üçün üç əsas sahə bir-birini tamamlayaraq inkişaf etməlidir: fiziki infrastruktur, təhsil və iş imkanları, həm də ictimai şüurun formalaşdırılması. Məsələn, Niderlandda şəhər planlaşdırılması əlilliyi olan insanların ehtiyacları nəzərə alınaraq həyata keçirilir. Hər küçə, hər ictimai nəqliyyat dayanacağı, hər məktəb və park bu şəxslərin sərbəst hərəkət etməsi üçün dizayn olunub. Bunun nəticəsində insanlar yalnız fiziki məhdudiyyətlərdən deyil, həm də ictimai stereotiplərin yaratdığı maneələrdən azad olur. Onlar sosial həyatın tam iştirakçısı kimi özünü hiss edir.
Azərbaycanda isə bu yanaşmanın tətbiqi üçün praktik addımlar mövcuddur və artıq bəzi uğur hekayələri var. Məsələn, Bakı şəhərində fiziki məhdudiyyətli gənclər üçün proqramlaşdırma və dizayn sahəsində təlimlər keçirilir. Bu təlimlər yalnız onların iqtisadi müstəqilliyini artırmır, həm də sosial inteqrasiyasına böyük dəstək olur. Beynəlxalq təcrübə və yerli uğur hekayələrindən çıxan əsas dərs budur: hər sahədə paralel inkişaf olmalıdır. Yalnız infrastruktur əlçatanlığı kifayət deyil, təhsil sisteminin inklüziv olması, iş yerlərinin uyğunlaşdırılması və ictimai şüurun dəyişməsi bir-birini tamamlamalıdır.
Praktik olaraq Azərbaycanda bu istiqamətdə bir neçə addım atıla bilər:
-İnfrastruktur: Yeni ictimai binalar, metro stansiyaları və avtobuslar beynəlxalq standartlara uyğun tikilməli, mövcud infrastrukturu mərhələli şəkildə əlçatan etmək üçün plan hazırlanmalıdır. Bu addım yalnız fiziki maneələri aradan qaldırmır, həm də ictimai həyatda iştirak üçün motivasiya yaradır.
-Təhsil və iş imkanları: Məktəblərdə inklüziv siniflərin sayı artırılmalı, müəllim heyətinin əlavə hazırlığı təmin edilməlidir. İş yerlərində isə uyğunlaşmış iş şəraiti və təlim imkanları genişləndirilməlidir. Bu, həm iqtisadi müstəqilliyi, həm də sosial inteqrasiyanı gücləndirir.
-Sosial şüurun inkişafı: Media kampaniyaları, ictimai tədbirlər və uğur hekayələrinin yayılması sosial stereotiplərin qırılmasına xidmət edir. İnsanlar əlilliyi olan şəxslərin bacarıq və uğurlarını gördükcə, onları pasif və asılı kimi görməkdən uzaqlaşırlar.
-QHT-lərin təşəbbüsləri: Qeyri-dövlət təşkilatlarının kiçik, amma uğurlu layihələri dövlət dəstəyi ilə genişləndirilməli, belə nümunələr ölkə miqyasında yayılmalıdır.
Bütün bunlar göstərir ki, əlilliyi olan şəxslərin cəmiyyətdə iştirakını təmin etmək üçün qanunlar, infrastruktur, təhsil, iş və ictimai şüur bir-birini tamamlayan elementi kimi düşünülməlidir. Leyla və onun kimi insanların uğur hekayələri isə sübut edir ki, doğru addımlar atıldıqda fiziki və sosial maneələr aradan qalxır, və əlilliyi olan şəxslər cəmiyyətin fəal, hörmətli və bərabərhüquqlu üzvünə çevrilə bilər.
Azərbaycanda əlilliyi olan insanların həyatı hələ də görünməz divarlarla doludur. Bu divarlar yalnız fiziki maneələrdən ibarət deyil, onları sosial stereotiplər, təhsil və iş imkanlarının məhdudluğu, həm də cəmiyyətin qəbul etməməsi möhkəmləndirir. Hər gün küçəyə çıxan, ictimai nəqliyyatdan istifadə edən, işə gedən fiziki məhdudiyyətli insanlar bu divarları kiçik addımlarla aşırlar. Bəzən tək, bəzən isə dəstəkçi dostları və təşəbbüslərlə.
Ancaq divarlar yalnız mövcud deyil, eyni zamanda yıxıla bilər. Hər birimiz, həm fərd, həm ictimaiyyət, həm də dövlət olaraq, bu divarların qarşısına bir körpü qura bilərik. Hər addım, hər dəstək, hər təşəbbüs gələcək nəsillər üçün daha açıq, daha bərabər və daha ümid dolu bir cəmiyyət yaradır. Əlilliyi olan insanlar yalnız imkan verildikdə deyil, həm də hörmət və qəbul ilə cəmiyyətin tam üzvünə çevrilə bilərlər. Biz yalnız imkanla deyil, həm də hörmət və qəbul ilə cəmiyyətin hissəsi ola bilərik. Bu həm çağırış, həm də ümid mesajıdır. Əlilliyi olan şəxslərin cəmiyyətlə tam inteqrasiyası mümkündür, əgər doğru addımlar atılsa və hər kəs bu yolda məsuliyyətini dərk etsə…
Nigar Şahverdiyeva