“Mövsümi qidalar payızda sağlam keçidi asanlaşdırır”


“Payız fəslində sağlam qidalanma orqanizmin fəsil dəyişikliklərinə uyğunlaşması, immunitetin gücləndirilməsi və enerji balansının qorunması baxımından xüsusilə vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Seymur Qafarov deyib.

Onun sözlərinə görə, bu dövrdə qida rasionu vitamin, mineral və enerji baxımından zəngin olmalıdır ki, orqanizm soyuq havalara qarşı müqavimət göstərsin və qışa sağlam keçid təmin edilsin: “Mövsümi meyvə və tərəvəzlər payız qidalanmasının əsasını təşkil edir. Nar, portağal, mandarin, kivi və alma C vitamini ilə zəngindir, immuniteti gücləndirir və soyuqdəyməyə qarşı qoruyur. Balqabaq, yerkökü, kələm, brokoli və ispanaq isə A, C, K vitaminləri ilə yanaşı dəmir və fol turşusu kimi minerallarla zəngindir. Bu qidalar göz sağlamlığına faydalıdır və ümumi müdafiə sistemini möhkəmləndirir.

Quru çərəzlər və toxumlar da payız qidalanmasında vacib yer tutur. Qoz, badam, fındıq E vitamini və omeqa-3 yağ turşuları ilə zəngindir, enerji verir və hüceyrələri qoruyur. Balqabaq toxumu və günəbaxan tumu isə sink və antioksidantlarla immuniteti gücləndirir.

Zülal və enerji mənbələri də unudulmamalıdır. Balıq və dəniz məhsulları D vitamini və omeqa-3 ilə zəngindir, iltihab əleyhinə təsir göstərir. Toyuq, yumurta və süd məhsulları, o cümlədən qatıq və kefir, zülal və probiotiklərlə bağırsaq florasını gücləndirir.

Tam taxıllar və sıyıqlar isə uzunmüddətli toxluq hissi verir, qan şəkərini stabil saxlayır və enerji təmin edir. Yulaf, qarabaşaq və qəhvəyi düyü bu baxımdan xüsusilə faydalıdır. Təbii immunitet gücləndiricilərindən bal, zəncəfil, sarımsaq, darçın və limon payızda xüsusilə tövsiyə olunur. Bu məhsullar antibakterial və antiviral təsir göstərir, boğaz ağrılarını azaldır və bədəni viruslardan qoruyur. Eyni zamanda çox yağlı, şəkərli və işlənmiş qidalardan uzaq durmaq lazımdır. Fast-food, qazlı içkilər, tortlar və aşağı keyfiyyətli un məhsulları immuniteti zəiflədə, çəki artımına səbəb ola bilər. Beləliklə, payızda düzgün qidalanma orqanizmin ehtiyac duyduğu vitamin, mineral və enerjini təmin etməklə yanaşı, soyuq havalara qarşı müqaviməti artırır və qışa sağlam keçidi asanlaşdırır”.

Əlaqəli Xəbərlər