“Orta təbəqənin mövcudluğu sabitliyin əsas şərtidir”


“Əgər tarixə nəzər salsaq, görərik ki, oxuduqlarımızdan və bildiklərimizdən məlum olur: bütün dövrlərdə cəmiyyətdə sosial təbəqələşmə mövcud olub. Tarixi formasiyaları təhlil etsək, aydın olar ki, hər bir dövrdə bu proses davam edib. Bunun əsas səbəbi insanın sosial varlıq olmasıdır. Təbiidir ki, insanlar yaşadıqları cəmiyyətdə müəyyən təbəqələrə bölünüblər. Hətta qədim zamanlardan tayfalar və qəbilələr formasında insanlar bir-birindən sosial baxımdan fərqləniblər”. Bu sözləri SİA-ya açıqlamasında “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, formasiyalar dəyişdikcə təbəqələşmə də yalnız formasını və adını dəyişib: “Bu gün sosial təbəqələri aşağı, orta və yuxarı təbəqə kimi adlandırırıq. Müasir dövrdə isə əsas hissəni təşkil edən orta təbəqə, təəssüf ki, ya çox zəifdir, ya da ümumiyyətlə mövcud deyil. Halbuki orta təbəqənin olması cəmiyyətdə balansı qoruyur və sosial sabitlik yaradır. Çünki hər kəs varlı ola bilməz, amma hər kəs də yoxsul olmamalıdır. İnsanlarda müəyyən eqo hissi mövcuddur: kimisi özünü digərlərindən üstün sayır, kimisi isə imkanlarına görə daha aşağı statusda olur. İstəmirik ki, aşağı təbəqə mövcud olsun, amma bu, bizim iradəmizdən asılı olmayan reallıqdır. İnsanlar bacarıqlarına, biliklərinə və dünya görüşünə uyğun olaraq həyatlarını formalaşdırır, müəyyən sosial status qazanırlar.

Məsələn, orta məktəbdə oxuyan uşaqlara nəzər salsaq, görərik ki, 30 nəfərlik sinifdə on nəfər çox yaxşı oxuyur, on nəfər orta səviyyədə, digər on nəfər isə ümumiyyətlə dərsə maraq göstərmir. Bu da göstərir ki, fərqlilik insanın özündən qaynaqlanır. Sosial təbəqələşmə cəmiyyətin inkişaf prosesi ilə sıx bağlıdır və tarixi formasiyalardan irəli gəlir. Mən düşünürəm ki, orta təbəqənin mövcudluğu sosial sabitliyin əsas şərtidir. Əlbəttə, istəyərdik ki, cəmiyyətimizdə hamı savadlı, bacarıqlı və faydalı olsun. Amma insanlar müxtəlif xarakterə, müxtəlif düşüncəyə malikdir. Ona görə də bu prosesi tamamilə dəyişmək mümkün deyil.

İnsanlar öz həyatlarını qurarkən və özlərini təqdim edərkən elə davranmalıdırlar ki, cəmiyyət onlara dəyər versin. Bu halda həm maddi, həm də mənəvi baxımdan uğur qazanmaq mümkündür. İnsan özünə sual verməlidir: niyə bu gündəyəm, nəyi dəyişə bilərəm? Çünki bu, onun şəxsi inkişafı ilə bağlı məsələdir.

Təkcə təhsil deyil, bacarıq da önəmlidir. Dövlət də əlindən gələni edir. Son illərdə sosial sahədə aparılan islahatlar insanların rifah halının yüksəldilməsinə yönəlib. Amma biz vətəndaş olaraq dövlətin dəstəyindən düzgün istifadə etməli, həm ailəmizə, həm də cəmiyyətə faydalı olmalıyıq”.

Əlaqəli Xəbərlər