Azərbaycan Respublikasının Ombudsman Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətinin həyata keçirilməsi sahəsində sentyabrın 10-dan tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini ilə bağlı monitorinq aparılıb. Bu barədə SİA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.
Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.
Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.