“Köç prosesi həm də yerli iqtisadiyyata təkan verir”


“Böyük Qayıdış Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən dirçəlişi və regionun sosial-iqtisadi həyatının bərpası üçün strateji bir layihədir. Laçın rayonunda növbəti köç prosesi isə bu strategiyanın ən önəmli addımlarından biridir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydım Mirzəzadə deyib.

Onun sözlərinə görə, regionun uzun illər davam edən işğaldan sonra infrastrukturu ciddi şəkildə dağıldığı üçün hər bir məskunlaşma prosesi yalnız əhalinin qayıdışı deyil, həm də bölgənin sosial-iqtisadi sisteminin yenidən qurulması deməkdir: “Köç prosesi həm də yerli iqtisadiyyata təkan verir. İnsanlar öz evlərinə və torpaqlarına qayıtdıqca kənd təsərrüfatı, xidmət sektoru və kiçik sahibkarlıq fəaliyyətləri yenidən canlanır. Eyni zamanda infrastruktur layihələrinin, yol və enerji təminatının inkişafı ilə bölgənin yaşayış səviyyəsi yüksəlir. Bu, əhalinin rifahının yaxşılaşmasına və regionda sosial sabitliyin möhkəmlənməsinə gətirib çıxarır.

Təhlükəsizlik baxımından, planlı və mərhələli köç prosesi ərazidə dövlət nəzarətinin gücləndirilməsinə, sərhəd və təhlükəsizlik tədbirlərinin koordinasiyasına imkan yaradır. Eyni zamanda mədəni irsin qorunması və tarixi abidələrin bərpası da bölgənin həm mənəvi, həm də iqtisadi dəyərini artırır. Laçına növbəti köç prosesi Böyük Qayıdış layihəsinin davamlılığını təmin edir və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dayanıqlı inkişafına ciddi töhfə verir. Bu proses həm regionun sakinləri üçün həyat şəraitini yaxşılaşdırır, həm də ölkənin ümumi strateji maraqlarına xidmət edir”.

Əlaqəli Xəbərlər