“Müstəqilliyin qorunması əsas prioritetdir”


“Böyük Zəfərdən sonra Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi Böyük Qayıdış Proqramı işğaldan azad edilmiş ərazilərin simasında ciddi dəyişikliklərə səbəb olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Heydər Əliyev adına Hərbi İnstitutun prorfessoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov bildirib.

Onun sözlərinə görə, regionun olduqca əlverişli potensialından düzgün və səmərəli istifadə məqsədilə həyata keçirilən müxtəlif layihələr artıq öz müsbət təsirlərini göstərməkdədir: “Azərbaycan bu layihələrin böyük hissəsini öz daxili imkanları hesabına icra edir. Bununla yanaşı, xarici investisiyanın cəlb olunmasına da xüsusi önəm verir. Dövlət çox yaxşı anlayır ki, yalnız daxili resurslarla məhdudlaşmaq, beynəlxalq tərəfdaşlıq və siyasi dəstək olmadan bu işləri reallaşdırmaq müəyyən çətinliklər yarada bilər. Elə buna görə də, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə nüfuzunun artırılması, hərbi, siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Balanslı və çoxvektorlu xarici siyasətin qorunub saxlanılması, milli maraqlara əsaslanan strateji addımların atılması ölkənin hərbi-siyasi təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki müharibənin bitməsinə baxmayaraq, regionda tam sülhün bərqərar olması hələ də müəyyən maneələrlə üzləşir. Bu səbəbdən Azərbaycan dövləti daha ehtiyatlı davranmağa üstünlük verir.

Mövcud vəziyyəti nəzərə aldıqda belə qənaətə gəlmək olar ki, hazırkı siyasi xətti davam etdirməklə Qarabağın potensialından dayanıqlı iqtisadi layihələrin icrası üçün istifadə olunması zəruridir. Əsas diqqət istehsalyönümlü və məşğulluğu artıracaq sahələrin yaradılmasına yönəldilməlidir. Bunun üçün beynəlxalq təcrübənin öyrənilməsi, daha səmərəli proqramların tətbiqi, şəffaf vergi və gömrük mexanizmlərinin formalaşdırılması, hüquqi bazanın təkmilləşdirilməsi önəm kəsb edir. Eyni zamanda, regionun xüsusiyyətlərinə uyğun rəqabətqabiliyyətli kənd təsərrüfatının təşviqi, maliyyələşdirilməsi, məskunlaşmanın sürətləndirilməsi və yeni istehsal müəssisələrinin yaradılması yalnız iqtisadi deyil, həm də hərbi-siyasi gücün möhkəmlənməsinə, dövlətin suverenliyinin daha da güclənməsinə xidmət edir. Beləliklə, iqtisadi gücün artması, sabitlik və müstəqilliyin qorunması, rəqabətqabiliyyətli məhsul istehsalı ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə, müqavimət gücünün yüksəlməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına əhəmiyyətli təsir göstərir”.

Əlaqəli Xəbərlər