Cari ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması, eləcə də Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikası prokurorluğunun təşkilatçılığı ilə prokurorluqda Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri üçün “Açıq qapı” günü keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində prokurorluğun əməkdaşları Faiq Səfərov, Anar Məmmədov, Turqay Həşimli və Pərvanə Hüseynova tələbələri prokurorluq orqanlarının tarixi, Prokurorluğun inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu və töhfələri barədə ətraflı məlumatlandırıblar. Həmçinin müasir prokurorluğun formalaşması və inkişafı istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, prokurorluğun fəaliyyət istiqamətləri, struktur qurumları, eləcə də Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) barədə ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonra şərti hadisə yerinin müayinə üsulları, dəlillərin rəsmiləşdirilməsi, əl-barmaq və digər izlərin fiksasiya edilməsi, götürülməsi və rəsmiləşdirilməsi qaydası, həmçinin canlı şəxsin əl-barmaq izlərinin götürülməsi və intihar hadisəsi ilə bağlı hadisə yerinin və meyitin müayinəsi əyani olaraq tələbələrə izah edilib.
Sonda prokurorluğun inzibati binası ilə tanışlıq olub.