“Azərbaycan Prezidentinin Nyu-York səfəri və burada keçirdiyi görüşlər həm xarici siyasət, həm də regional diplomatiya baxımından diqqətəlayiq məqamlar ortaya qoydu. Səfərin əsas xətti BMT Baş Assambleyasının iclasında iştiraka yönəlsə də, paralel şəkildə keçirilən ikitərəfli görüşlər Bakının çoxşaxəli xarici siyasət kursunun davamı kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
O bildirib ki, ilk növbədə, Prezidentin aparıcı dövlətlərin rəhbərləri ilə görüşləri Azərbaycanın beynəlxalq gündəmdə yüksələn rolunu təsdiqlədi: “Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik məsələləri müzakirələrin mərkəzində oldu. Bu, Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində strateji tranzit mərkəzi funksiyasını gücləndirdiyini göstərir.
Səfər zamanı Avropa İttifaqı və ABŞ rəsmiləri ilə aparılan dialoq Azərbaycanın Qərblə əməkdaşlıq istiqamətində balanslı mövqeyini qoruduğunu nümayiş etdirdi. Digər tərəfdən, İslam dünyası və Qoşulmama Hərəkatına üzv ölkələrlə təmaslar Azərbaycanın qlobal miqyasda müxtəlif siyasi bloklar arasında körpü rolu oynadığını ortaya qoydu. Eyni zamanda, Nyu-York platforması Azərbaycan üçün Qarabağ sonrası reallıqların beynəlxalq gündəmə çatdırılması baxımından mühüm imkan oldu. Prezident görüşlərində Azərbaycanın regional sabitliyə yönəlmiş təşəbbüslərini vurğulamaqla yanaşı, Ermənistanla sülh prosesinin irəliləməsi üçün beynəlxalq dəstəyin əhəmiyyətini ön plana çəkdi.
Ümumilikdə, səfər Azərbaycanın çoxvektorlu diplomatiyasının təsirli nümunəsi kimi dəyərləndirilə bilər. Bu görüşlər Bakının həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş imicini gücləndirməklə yanaşı, ölkənin strateji maraqlarını beynəlxalq müzakirələrin mərkəzinə çıxardı”.