“Azərbaycan bu gün beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibi, müstəqil siyasət həyata keçirən dünyaya həmrəylik çağırışı edən dövlət kimi tanınır. Prezident İlham Əliyevin və birinci xanımı Mehriban Əliyevanın sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə işgüzar səfəri, səfər çərçivəsində ölkə Prezidentinin qatıldığı hər bir tədbir, hər bir görüş Azərbaycana, dövlətimizin başçısına olan hörmət və etimadın barız nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasına -“Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyaya ədaləti təmin edən və sülh yaradan lider kimi qatılması Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi oldu:
“Qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparıldığı beynəlxalq tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı Azərbaycanın milli maraqlarının müdafiəsi, həm də qlobal problemlərin həllinə töhfə baxımından böyük əhəmiyyət kəsb edir. Bəşəriyyəti təhdid edən məsələlərin həlli istiqamətində hər zaman beynəlxalq birliyi həmrəyliyə səsləyən və bu prosesə yüksək töhfə vermək üçün təşəbbüslərlə çıxış edən Azərbaycan bu gün artıq dünya birliyinin sadəcə iştirakçısı deyil, həm də beynəlxalq gündəliyin formalaşmasında fəal rol oynayan tərəfdir. 150-dən çox dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən dünyanın ən mühüm platformasında Azərbaycanın fəal mövqeyi onu deməyə əsas verir ki, müasir dövrdə ölkəmiz təkcə regionda deyil, qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan 1992-ci il martın 2-dən BMT üzvüdür.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi sayəsində Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə daha çox cəlb etməyə başladı. Dahi rəhbər 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycanla BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyuldu. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Assambleyasının xüsusi təntənəli iclasında iştirak edən Ulu Öndər bu qurumun yüksək kürsüsündən mövcud qlobal problemlərə dair Azərbaycanın prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdı. Ulu Öndər 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında da iştirak edib, çıxışında qlobalizasiya mövzusuna toxunub, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd edib.
Ölkəmizin xarici siyasətində BMT ilə əlaqələrin inkişafına mühüm önəm verən Prezident cənab İlham Əliyev bu qurumun sessiyalarında hər zaman diqqəti artıq həllini tapmış Qarabağ probleminə yönəldib, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan edib. Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 20-də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxış Azərbaycanın Ermənistana siyasi-diplomatik zərbəsi kimi tarixə düşdü. Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan dövləti torpaqlarını işğaldan azad edib, özünün ərazi bütövlüyünə nail olub. Beləliklə, dövlətimiz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsini təmin edib. Prezident İlham Əliyevin ABŞ-a səfəri göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə artıq müşahidəçi və ya kənar iştirakçı deyil, proseslərə təsir göstərən, qlobal gündəliyi formalaşdıran dövlətə çevrilib. Enerji, nəqliyyat və iqlim dəyişiklikləri ilə bağlı təşəbbüslər Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Bu reallıq isə Azərbaycanın yaxın gələcəkdə qlobal əməkdaşlığın əsas mərkəzi oyunçularından biri olacağını göstərir”.