Sentyabrın 26-da Milli Məclisin Çili-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Azərbaycan – Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov çıxış edərək dövlətlərimiz arasında digər sahələrlə yanaşı, parlamentlər səviyyəsində münasibətlərin də yüksələn xətt üzrə inkişaf etdiyini deyib. Qeyd olunub ki, bu prosesə görüşlər, eləcə də həyata keçirilən qarşılıqlı səfərlər mühüm töhfə verir.
A.Badamov Azərbaycan-Çili münasibətlərinin inkişafı üçün böyük imkanların mövcud olduğunu, parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin iqtisadi, mədəni və humanitar sahələrdə tərəfdaşlığın dərinləşməsinə də zəmin yaradacağını, xalqlarımız arasında qarşılıqlı anlaşmanı və etimadı daha da artıracağını bildirib.
Çili Milli Konqresi Senatının İnsan hüquqları daimi komitəsinin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan qonaqpərvərliyə görə təşəkkür edib.
Senator dövlətlərimiz arasında əməkdaşlıq imkanlarına toxunaraq vurğulayıb ki, Azərbaycan və Çili arasında mina təmizlənməsi sahəsində təcrübə mübadiləsi aparılması və idmanda birgə layihələrin reallaşdırılması əməkdaşlığı daha da gücləndirə bilər. O, həmçinin mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin genişləndirilməsinin xalqlarımızın daha da yaxınlaşmasına töhfə verəcəyini qeyd edib.
Çili Senatının İqtisadiyyat daimi komitəsinin sədri Roxo Edvards, Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares, Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Fətəliyeva çıxış edərək dövlətlərimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin, həmçinin idman və humanitar sahələrdə ortaq layihələrin reallaşdırılmasının iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacağını diqqətə çatdırıblar.
Görüş qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi ilə davam edib.