“Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq regional siyasətin formalaşmasında strateji əhəmiyyət kəsb edir. Son illərdə hər iki ölkə arasında siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə əlaqələr daha da güclənib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, xüsusilə enerji, nəqliyyat, müdafiə sənayesi və ticarət sahələrində reallaşan layihələr strateji tərəfdaşlığın möhkəm təməlini göstərir: “Məsələn, TANAP qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu kimi transregional layihələr iki ölkənin iqtisadi inteqrasiyasını gücləndirməklə yanaşı, regional enerji təhlükəsizliyinə və tranzit imkanlarına da töhfə verir. Eyni zamanda hərbi sahədə əməkdaşlıq qarşılıqlı təlimlər, texnologiya transferi və birgə müdafiə potensialının artırılması ilə xarakterizə olunur.
Mədəni və humanitar sahədə isə gənclər mübadiləsi, təhsil proqramları və birgə mədəni layihələr iki xalq arasında tarixi və mənəvi bağları möhkəmləndirir. Bu, yalnız siyasi və iqtisadi müstəvidə deyil, həm də ictimai və mədəni sahədə strateji tərəfdaşlığın inkişafına xidmət edir. Azərbaycan-Türkiyə əməkdaşlığı ölkəmizin regional siyasətində dayanıqlı və etibarlı müttəfiq imicini gücləndirir, regional sabitlik və təhlükəsizlik siyasətinə töhfə verir. Bu tərəfdaşlıq, eyni zamanda, Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirən əsas amillərdən biridir”.