Baş Prokurorluqda “Açıq qapı günü” və seminar keçirilib


Baş Prokurorluğun inzibati binasının yeni korpusunda “Açıq qapı günü” və “Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu” mövzusunda seminar təşkil olunub. SİA xəbər verir ki, tədbirdə Bakı Şəhər Prokurorluğunun rəhbərliyi, rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

Seminar Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Çıxış edən Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov qeyd edib ki, prokurorluq orqanları cinayət işlərinin istintaqı və cinayət təqibinin aparılması ilə yanaşı beynəlxalq əməkdaşlıq qurur, müxtəlif forum və elmi müşavirələr təşkil edir. O, torpaqlarımızın işğaldan azad edilməsindən sonra qondarma separatçı rejimin cinayətkar rəhbərləri barəsində aparılan istintaqın bu sahədə mühüm fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb: “Artıq bir ilə yaxındır ki, məhkəmə istintaqı davam edir və bundan sonra da çıxışlar olacaq. Bunların hamısı prokurorluq orqanları əməkdaşlarının böyük əziyyətinin nəticəsidir”.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov seminar iştirakçılarına hüquqi maarifləndirmənin əhəmiyyətindən danışaraq bildirib ki, 2020-ci ildən etibarən Baş prokuror Kamran Əliyevin rəhbərliyi altında prokurorluqda genişmiqyaslı islahatlar həyata keçirilib, struktur dəyişiklikləri aparılıb, vəzifə bölgüsü optimallaşdırılıb. Onun sözlərinə görə, gənc hüquqşünasların dövlət qulluğuna cəlbi, onların peşəkar inkişafı, vətəndaş müraciətlərinə baxılmasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, eləcə də əməkdaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

K.Zeynalov əlavə edib ki, prokurorluq yalnız sülh dövründə deyil, Vətən müharibəsi zamanı da fəal şəkildə çalışaraq hadisələrin araşdırılması və cinayət işlərinin istintaqını aparıb, məhkəmələrdə və beynəlxalq müstəvidə Azərbaycan vətəndaşlarının hüquqlarını müdafiə edib.

Tədbirdə həmçinin Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kafedra rəisi, dosent, hüquq üzrə fəlsəfə doktoru Səyyad Ağayev, eləcə də Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Seminar çərçivəsində prokurorluq fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, eləcə də Azərbaycanın dövlət suverenliyinin qorunmasında prokurorluq orqanlarının rolu müzakirə olunub.

Əlaqəli Xəbərlər