“Cənab Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində ABŞ-nin Nyu York şəhərinə səfəri və səfər zamanı keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda söz sahibi olan, müstəqil siyasət yürüdən və milli maraqlarını qətiyyətlə qoruyan bir dövlətdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, cənab Prezidentin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın xarici siyasət prioritetlərini, regional və qlobal proseslərə münasibətini, eləcə də ölkənin əldə etdiyi nailiyyətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından olduqca vacib bir platforma oldu: ”Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra bölgədə yaranmış yeni geosiyasi reallıqları ətraflı şəkildə izah etdi. O, həmçinin vurğuladı ki, bu reallıqlar bölgədə sülhün və əməkdaşlığın qurulması üçün unikal imkanlar yaradır.
Səfər çərçivəsində keçirilən ikitərəfli görüşlər, beynəlxalq təşkilatların rəhbərləri və dünya liderləri ilə aparılan danışıqlar Azərbaycanın diplomatik əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi baxımından əhəmiyyətli addımlar oldu. Bu görüşlər zamanı ölkəmizin mövqeyi, regional əməkdaşlıq təşəbbüsləri və gələcək inkişaf perspektivləri müzakirə olundu, bir çox hallarda Azərbaycanın haqlı mövqeyi dəstəkləndi.
Cənab Prezidentin beynəlxalq tribunadan verdiyi mesajlar bir daha sübut etdi ki, Azərbaycan yalnız region daxilində deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi tanınır. Ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfələr, nəqliyyat və logistika layihələri, iqlim dəyişiklikləri ilə mübarizə sahəsində təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu həm düzgün, həm də praqmatikdir. Bu siyasət milli maraqlara əsaslanmaqla yanaşı, eyni zamanda regional sabitlik və beynəlxalq əməkdaşlığa da töhfə verir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradaraq, bölgənin gələcəyini müəyyənləşdirən əsas aktorlardan birinə çevrilmişdir”.