“Böyük Qayıdış proqramı Azərbaycanın dövlət siyasətində tarixi və strateji dönüş nöqtəsidir. Laçına həyata keçirilən son köç bu prosesin simvolik və praktik baxımdan ən mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Laçın həm strateji mövqeyinə, həm də işğaldan azad olunmuş torpaqlar arasında xüsusi yerinə görə ön plana çıxır: “Bu köç bir tərəfdən uzun illər doğma yurdundan uzaqda yaşayan insanların ata-baba torpaqlarına qayıdışını təmin etməklə sosial ədalətin bərpasına xidmət edir. Digər tərəfdən, dövlətin güclü siyasi iradəsinin və praktiki addımlarının göstəricisi kimi çıxış edir. İnsanların müasir infrastrukturla təmin olunmuş yeni yaşayış məntəqələrinə yerləşdirilməsi Azərbaycanın vətəndaşına verdiyi dəyərin ən bariz nümunəsidir. Strateji baxımdan isə Laçının bərpası və məskunlaşdırılması Azərbaycanın bölgədəki mövqeyini daha da gücləndirir. Qarabağın digər əraziləri ilə bağlantı, Zəngəzur dəhlizinə yaxınlıq və regional nəqliyyat xətlərinə çıxış baxımından Laçın xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın həm təhlükəsizlik, həm də iqtisadi perspektivlərini daha dayanıqlı edir.
Laçına köçün beynəlxalq müstəvidə də ciddi siyasi mesajı var. Bu addım göstərir ki, Azərbaycan yalnız hərbi qələbə ilə kifayətlənmir, eyni zamanda azad edilmiş torpaqlarda sülh, inkişaf və dayanıqlı yaşayış mühiti yaradır. Bu isə ölkəmizin regional liderlik mövqeyini daha da gücləndirir və gələcəkdə bölgədə sabitliyin əsas təminatçısı kimi rolunu möhkəmləndirir”.