“Sevinirik ki, xalq, ordu və lider birliyi bizi Zəfərə gətirib çıxartdı”


“Uzun illər idi ki, Azərbaycan Qarabağ problemini həll etmək istəyirdi. İşğal altında olan torpaqların azad olunması üçün ordu quruculuğuna çox böyük önəm verirdi. Ancaq təəssüflər olsun ki, bu problemi həll etmək üçün ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi boyun qaçırırdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, faktiki olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona turistik səfərlər edərək problemi sülh yolu həll etməyə heç bir töhfə verə bilməmişdi:

“Ermənistan tərəfi də əslində bu münaqişənin uzanmasında maraqlı idi. Onların hədəfi bir müddət sonra bu problemi öz xeyrinə tamamilə həll etmək idi. Ancaq Azərbaycan tərəfi təbii ki, bu işğalla barışmırdı. Xüsusilə də 2020-ci ilin iyul ayında Tovuz hadisələri artıq bu münaqişəni sülh yolu ilə həll olunmayacağı qənaətinə gəlməyimiz üçün əla bir səbəb oldu. Artıq həm Ali Baş Komandan, həm ordu, həm xalq anlayırdı ki, Ermənistan tərəfi torpaqlarımızı sülh yolu qaytarmaq istəmir. Bizim tək və yeganə çıxış yolumuz. Öz gücümüz hesabına bu işğala son qoymaqdır. 27 sentyabr tarixində Azərbaycan növbəti təxribatın qarşısını almaq üçün əks hücuma başladı. Şükürlər olsun ki, o proses nəticə etibarilə Azərbaycanın 44 gündən sonraki Zəfərinə gətirib çıxartdı. Çox ağır və məsuliyyətli bir qərar idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tarixi qərarı verdi. Azərbaycanın rəşadətli ordusu öz canı, qanı bahasına torpaqlarımızı işğaldan azad etdi. Ermənistan tərəfi məhz Şuşa zəfərindən sonra kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Bizim digər torpaqlarımız Kəlbəcər, Laçın, Ağdam bir güllə belə atılmadan Azərbaycana geri qaytarıldı. Məhz 27 sentyabr tarixində başlanılan bu yol zəfərlə yekunlaşdı. Sevinirik ki, xalq, ordu və lider birliyi bizi Zəfərə gətirib çıxartdı”.

Əlaqəli Xəbərlər