…ABŞ prezidenti Donald Tramp bu həftə Rusiya iqtisadiyyatının çöküş ərəfəsində olduğunu, Ukraynanın isə öz ərazilərini geri almaq şansının olduğunu bəyan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Guardian yazır.
Həqiqətən də Rusiya işğaldan sonra özünün ən çətin dövrünü yaşayır. Hərbi xərclər Kremlin prioriteti olaraq qalır, baxmayaraq ki, onun artımı büdcə boşluğunu genişləndirir. Yanvar-iyul ayları üçün kəsir artıq planlaşdırılan hədəfləri üstələyib və 2026-cı ilə qədər onun təxminən 4,6 trilyon rubla çatacağı proqnozlaşdırılır.
Milli Rifah Fondunun üçdə ikisi faktiki olaraq tükənib. Xəzinəni doldurmaq üçün hökumət ƏDV-ni 20-dən 22 faizə qaldırır. Ruslar indi büdcənin təxminən 40 faizini sərf edən müharibəni birbaşa maliyyələşdirir.
Bu arada, ÜDM-in artım proqnozu 1 faizdən aşağı salınıb. Sberbank-ın baş direktoru Herman Qref ölkənin “texniki durğunluğa” girdiyini etiraf edib.
Müharibənin ilk iki ilində iqtisadiyyat hərbi istehsal hesabına artdı – regionlarda rekord məşğulluq və əmək haqqının artması…
Lakin bu “müharibə bumu” qısamüddətli oldu. İqtisadçılar qeyd edirlər ki, Moskva hərbi xərcləri hər il 30 faiz artıra bilməyəcək.
Beynəlxalq sanksiyalara görə Rusiya Türkiyə, BƏƏ və keçmiş Sovet İttifaqındakı vasitəçilər vasitəsilə tankerlərdən ibarət “kölgə donanması”ndan və paralel idxaldan istifadə edərək, Çin, Hindistan və Türkiyəyə ixracın istiqamətini dəyişmək məcburiyyətində qalıb.
Bu arada Ukrayna pilotsuz təyyarələrinin neft emalı zavodlarına zərbələr endirməsi ciddi yanacaq çatışmazlığına səbəb olub.
Avqust ayından bəri 38 neft emalı zavodundan 16-sı zədələnib, dizelin qiyməti qalxıb, yanacaqdoldurma məntəqələrində növbələr Moskvaya çatıb. Əsas sual qalır: iqtisadi çətinliklər Putini Ukraynadakı planlarını dəyişməyə məcbur edəcəkmi?
Əli Babayev