“Kreditlə malların satılması insanlara əlçatanlığını yaxşılaşdırır. Kreditə məhsul alan şəxs öz gəlirlərini hesablamalı və onu qısa zaman kəsiyində geri qaytara biləcəksə, almalıdır. Amma bizdə kreditlə məhsul alma dəbə minib və hər kəs özünün gəlirlərini hesablamadan kreditə gedir. Bu da geri qaytarılandan müəyyən problemlərin yaşamasına gətirib çıxardır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, kredit almağa çalışan şəxs ilk növbədə bunun faizlə geri qaytarılmalı olduğu borc olduğunu anlamalıdır: “Həm də geri qaytarılan məbləğ malın dəyərindən yüksək olduğunu da nəzərə almalıdır. Məsələn, son vaxtlar yeni çıxan “iphone” telefonların kreditə alınması dəb halı alıb. Halbuki hər bir insan kreditə düşüb əlində “iphone” tutmağına yox, bunu öz imkanına uyğun başqa bir ucuz model smartfon almaqla görə bilər.
Hesab edirəm ki, vətəndaşlar mümkün qədər kreditlə malların alınmasına getməməlidirlər. Belə ki, kreditə çox vacib hallarda və başqa bir çıxış yolu olmayanda müraciət olunmalıdır”.