…Bazar günü axşam, sentyabrın 28-də Rusiyanın Belqorod şəhərində güclü partlayışlar baş verib. Bu partlayışlardan sonra şəhərdə və ətraf rayonların bir hissəsində işıqların kəsilməsi baş verib.
SİA xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanallarına istinadən RBC-Ukrayna məlumat yayıb.
Sosial şəbəkələrdəki yazılara əsasən, Belqorodda partlayışlar saat 18:45-də baş verib. İlkin məlumatlara görə, naməlum raketlər Belqorod İstilik Elektrik Stansiyasına və “Luç” elektrik yarımstansiyasına düşüb.
Hadisənin görüntüləri daha sonra sosial şəbəkələrdə yayılıb. Videoda zərbələrdən sonra binalardan birindən tüstünün qalxdığı görünür.
Hadisədən sonra ruslar şəhərdə elektrik, su və hətta internetin kəsilməsindən şikayətlənməyə başlayıblar.
Liftlər də fəaliyyətini dayandırıb və mağazalar bağlanıb. İctimai nəqliyyat fasilələrlə işləyir, bəzi küçələr işıqlandırılmır, işıqforlar sönüb.
Bundan əlavə, Telegram kanalları Starıy Oskol, Qubkin, Şebekino, Çernyanka, Koroça, Dubovoy və Severnıda işıqların kəsilməsi barədə məlumat verir.
Əli Babayev