BDYPİ-dən toy karvanında hərəkət edənlərə XƏBƏRDARLIQ


Dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu acı faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq. SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidməti məlumat verib.

BDYPİ bir daha xəbərdarlıq edib ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ardıcıl hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə yol verməməlidirlər.

“Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının minimuma salınması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş və hüquqsuz şəxslərə qətiyyən avtomibil etibar olunmaması tədbirin təhlükəsiz başlaması və başa çatması üçün başlıca şərtdir. Eyni zamanda, toy sahibləri də qonaqlarına nəqliyyatın təhlükəsiz idarə olunması barədə xatırlatmalar etməli, hər bir sürücü isə həm özünün, həm də digərlərinin həyatını riskə atan davranışlardan çəkinməlidir”, – deyə xəbərdarlıqda vurğulanıb.

Əlaqəli Xəbərlər