Britaniyada çinli qadından rekord həcmdə bitkoin ələ keçirilib


Böyük Britaniyada polis tarixdəki ən böyük kriptovalyuta müsadirəsi hesab edilən əməliyyat çərçivəsində 5,5 milyard funt sterlinqdən artıq bitkoinin ələ keçirildiyini bildirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə ilə bağlı saxlanılan Çin vətəndaşı məhkəmə qarşısında günahını etiraf edib.

Metropoliten polisi bildirib ki, 47 yaşlı Çjimin Çian Londonun Sautverk Krallıq Məhkəməsində qanunsuz yolla əldə olunmuş və bitkoin şəklində saxlanılmış vəsaitlərə sahib çıxmaqda ittiham olunaraq təqsirini boynuna alıb.

İstintaqın məlumatına görə, o, 2014–2017-ci illərdə Çində 128 mindən çox insanı aldadaraq genişmiqyaslı maliyyə dələduzluğu həyata keçirib və əldə edilən vəsaitləri bitkoin aktivlərində gizlədib. Polis bildirib ki, təxminən 61 min bitkoin ondan müsadirə edilib. Cinayətkar qadın saxta sənədlərlə Çindən qaçaraq 2018-ci ilin sentyabrında Britaniyaya daxil olub. O, köməkçisi Cian Venin dəstəyi ilə əldə edilən pulları daşınmaz əmlak almaqla yumağa cəhd göstərib.

Metropoliten polisi qeyd edib ki, Çianın həbs və məhkəməsi onun qlobal miqyaslı çirkli pulların yuyulması sxemi ilə bağlı yeddi il davam edən istintaqa son qoyub.

Əlaqəli Xəbərlər