Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya verilən məlumata görə, nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlər, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. O bildirib ki, ərzaq təhlükəsizliyinin, o cümlədən ölkə əhalisinin keyfiyyətli, sağlam ərzaq məhsulları ilə təmin olunması və kənd yerlərinin inkişafı aqrar siyasətin prioritet istiqamətlərindəndir. Qeyd olunub ki, Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla, o cümlədən FAO ilə əməkdaşlığa önəm verir və bu əməkdaşlıq davam etdirilir.
Görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu, öz növbəsində Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əlaqələrin qurulmasından məmnun olduğunu deyib. Qeyd edib ki, qlobal çağırışların təsirləri fonunda dayanıqlı aqroərzaq sistemlərinin qurulması və bu istiqamətlərdə qlobal əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. FAO rəsmisi aqrar sahənin dayanıqlı inkişafı, səmərəli və peşəkar mütəxəssis bazasının formalaşdırılmasına yönəlmiş layihələrin bundan sonra da dəstəklənəcəyini vurğulayıb.
Tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub, aqrar sahədə digər yeni texniki əməkdaşlıq layihələrini başlatmaq imkanlarını müzakirə ediblər.
Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.