“Böyüyə ehtiram xalqımızın mədəni kimliyinin ayrılmaz hissəsidir”


“Əsrlər boyu formalaşmış ənənələrimizdə böyüyə ehtiram xalqımızın mədəni kimliyinin ayrılmaz hissəsi olub. Hər bir dövrdə yaşlı nəsillərə hörmətlə yanaşmaq, onların sözünə qulaq asmaq, məsləhətlərini qəbul etmək cəmiyyətimizin mənəvi dayaqlarından birini təşkil edib”. Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, bu gün də həm dövlət, həm də cəmiyyət tərəfindən ahıllara diqqət və qayğı göstərilməsi davam etdirilir: “Dövlətin həyata keçirdiyi sosial müdafiə tədbirləri bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Fondu və digər ictimai təşkilatların təşəbbüsləri nəticəsində ahıllara dəstək formaları ildən-ilə genişlənir. Son illərdə ölkəmizdə qocalar evlərinin tikilməsi, könüllülər şəbəkəsinin təşkili, yaşlı insanlar üçün müxtəlif konsert və tədbirlərin keçirilməsi, ərzaq və geyim yardımlarının göstərilməsi bu siyasətin mühüm nümunələrindəndir. Ənənələrimizdə bayram günləri – Novruz, Qurban və digər milli mərasimlər zamanı qonşuların yaşlı insanlara baş çəkməsi, onların ehtiyacları ilə maraqlanması geniş yayılmışdır. Bu humanist dəyərlər bu gün də qorunub saxlanır. Məclislərdə ahılların başda oturması, onların məsləhət və xeyir-dualarının dəyərli sayılması Azərbaycan ailə modelinin əxlaqi əsaslarını təşkil edir.

Bununla yanaşı, ölkədə ahıllar üçün müxtəlif sosial xidmət qurumları da fəaliyyət göstərir. Ağsaqqallar və dost mərkəzlərinin işi, səyyar xidmətlərin təşkili yaşlı insanların gündəlik həyatında mühüm rol oynayır. Pensiya kartlarının yenilənməsi, şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi kimi məsələlərin birbaşa onların evlərində həll olunması isə dövlətin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqətin bariz nümunəsidir.

Müharibə veteranlarına göstərilən xüsusi qayğı da ayrıca qeyd olunmalıdır. Dövlət rəhbərlərinin onlarla mütəmadi görüşməsi, fəxri adlar və mükafatlarla təltif etməsi onların həyatında mənəvi dəstəyin gücləndirilməsinə xidmət edir. Eyni zamanda, sahə həkimlərinin kəndlərdə və şəhərlərdə ahılların sağlamlıq problemlərinə həssas yanaşması, icbari tibbi sığorta çərçivəsində dövlət hesabına müayinə və müalicə imkanlarının yaradılması onların rifahı üçün böyük əhəmiyyət kəsb edir. Lakin bütün bu tədbirlərlə yanaşı, cəmiyyətin üzərinə də mühüm vəzifələr düşür. Xüsusilə gənclərin ahıllara baş çəkməsi, onlarla vaxt keçirməsi, gündəlik problemlərinə dəstək göstərməsi zəruridir. Çünki böyüklərə qayğı yalnız dövlətin deyil, bütövlükdə ictimaiyyətin borcudur. Bu yanaşma həm milli kimliyimizi möhkəmləndirir, həm də nəsillər arasında mənəvi bağların güclənməsinə xidmət edir.

Beləliklə, Azərbaycan həm ənənəvi dəyərlərini qoruyaraq, həm də müasir sosial siyasət vasitələri ilə ahıllara hörmət və qayğını təmin edir. Bu, milli kimliyimizin və sosial həmrəyliyimizin əsas göstəricilərindən biri kimi qiymətləndirilə bilər”.

Əlaqəli Xəbərlər