COP29-da razılaşdırılmış ambisiyalı iqlim öhdəlikləri və Bakı Maliyyə Məqsədi üzrə mühüm nailiyyətlərə əsaslanan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində panel sessiyalar davam edir. Bakı İqlim Fəaliyyəti Həftəsinin 3-cü günü “İqlim dayanıqlığının sektorlar üzrə gücləndirilməsi – kənd təsərrüfatı, su, nəqliyyat, ağıllı şəhərlər, iqlim fəaliyyətində qadınların liderliyi” mövzusuna həsr olunub. SİA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub, Azərbaycanın uğurla təşkil etdiyi bu beynəlxalq tədbirdə mühüm təşəbbüslərin irəli sürüldüyünü və tərəfdaşların sayının artdığını vurğulayıb. Muxtar Babayev iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, müasir dövrdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması, dayanıqlı aqro-ərzaq sistemlərinə keçid iqlim dəyişikliyinə daha həssas olan fermer və kənd icmalarına hərtərəfli dəstək tədbirlərini zəruri edir. Nazir bildirib ki, aqrar sahə iqlim dəyişmələrinin nəticələrindən təsirlənən sektor olduğundan bu sahənin iqlimə davamlılığının inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir.
Nazir əlavə edib ki, beynəlxalq tərəfdaşlarla birlikdə artıq 30-dan çox praktik istifadə nümunəsini – bitki sortlarının xəritələndirilməsindən və torpağın monitorinqindən tutmuş məhsul proqnozlaşdırılması və suya qənaətli suvarmaya qədər əhatə edən iki illik rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır. Bu məlumatlara əsaslanan alətlər fermerlərə daha ağıllı qərarlar qəbul etməyə, dayanıqlılığı gücləndirməyə və qarşıdakı illərdə əhəmiyyətli iqtisadi dəyər yaratmağa kömək edəcək.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iqlim dəyişikliklərinin təsiri kimi şirin su ehtiyatlarının azalmasını diqqətə çatdırıb və müasir dövrdə sudan səmərəli istifadənin vacibliyini vurğulayıb. O əlavə edib ki, yaxın illərdə Azərbaycanda su itkilərinin azaldılması, yeni su anbarlarının tikintisi və suyun təkrar istifadəsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçiriləcək.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu isə öz növbəsində bildirib ki, Azərbaycan da digər ölkələr kimi iqlim məqsədlərinə nail olmaqda milli töhfəsini genişləndirir. COP29-da mühüm irəliləyişlərin əldə olunduğunu deyən Viorel Gutu qeyd edib ki, bu razılaşmalar ölkələrin inkişafı və iqlim məqsədlərinə nail olunması üçün yeni imkanlar açır.
Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Azərbaycanın regional təşəbbüslərdə lider rolunun artdığını xüsusi vurğulayıb. Ötən il Azərbaycanda baş verən təbii fəlakətlərin ciddi maddi zərərə səbəb olduğunu deyən Nigar Arpadarai qeyd edib ki, bu baxımdan ağıllı şəhər və kəndlərin sayı artırılmalıdır.
İqlim dəyişikliyinin yaratdığı təsirlər nəticəsində kənd təsərrüfatının hər il məhsul itkisinə məruz qaldığını deyən FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat əlavə edib ki, aqrar sahədə innovasiyaların tətbiqi əlçatan və yerli reallıqlara uyğun olmalıdır.
Daha sonra tədbir “Dəyişən iqlimdə ağıllı kənd təsərrüfatı və qida təhlükəsizliyi – iqlim texnologiyası” mövzusunda panel sessiya ilə davam edib.
Panel sessiyada çıxış edən Kənd Təsərrüfatı Nazirliyində süni intellekt layihəsinin rəhbəri Surxay Novruzov, AİB-in Azərbaycan və Türkmənistan üzrə əməliyyat rəhbəri Marina Rose Best, “Azercosmos” CİS Mərkəzinin direktoru İsmət Baxışov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov iqlimə uyğun kənd təsərrüfatı təcrübələri, ağıllı suvarma, suya qənaət edən əkinçilik və torpağın qorunması üsulları, qida tullantılarının azaldılması və yerli qida sistemlərinin təşviqi, real vaxt rejimində məhsuldarlığın monitorinqi üçün rəqəmsal alətlər, yerli təchizat zəncirlərinin və icma əsaslı kənd təsərrüfatının gücləndirilməsi, davamlı kənd transformasiyasının dəstəklənməsində siyasət və maliyyənin rolu, həmçinin davamlı əkinçilikdə texnologiyanın rolu barədə fikirlərini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.