“Xarici siyasət baxımından İtaliya, Avropa Birliyinin üzvü və Avropanın bir parçası kimi Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, bu münasibət ölkəmizin Avropadakı mövqeyini daha da gücləndirir və beynəlxalq arenada etibarını artırır: “İtaliya həm iqtisadi, həm siyasi sahələrdə Azərbaycanın yanında olmuş, müxtəlif mərhələlərdə ona dəstək vermişdir.
Əhəmiyyətli məqam odur ki, İtaliya Fransa kimi anti-Azərbaycan kampaniyalarında iştirak etməmişdir. Əksinə, İtaliya daim çalışmışdır ki, Azərbaycanın ədalətli mövqeyini dəstəkləsin. Qarabağ məsələsində də İtaliyadan hər hansı mənfi yanaşma müşahidə olunmayıb, əksinə, bu ölkədən Azərbaycanın haqq mövqeyini tanıyan və qoruyan konstruktiv yanaşmalar görünür. Bu, İtaliyanın Azərbaycanın xarici siyasətində etibarlı və stabil tərəfdaş olduğunu bir daha sübut edir. Buna görə də, İtaliya prezidentinin Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Belə bir qüdrətli dövlətin rəhbərinin ölkəmizə səfəri yalnız ikitərəfli münasibətlərin inkişafına xidmət etmir, həm də Azərbaycanın beynəlxalq miqyasda artan əhəmiyyətini təsdiqləyir. Bu səfər təsadüfi deyil; İtaliya üçün Azərbaycan strateji tərəfdaşdır və iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi prioritet məsələdir.
Eyni zamanda, Azərbaycan da İtaliya ilə münasibətləri yüksək qiymətləndirir və bu əlaqələrin davamlı inkişafını təmin etmək məqsədilə bir sıra təşəbbüslər həyata keçirir. Nəticədə, İtaliya Avropa Birliyində və ümumilikdə Avropada Azərbaycanın etibarlı və dəyərli tərəfdaşı kimi çıxış edir, iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır”.