İqlim dəyişmələri getdikcə daha ciddi problemlər yaradaraq ailə təsərrüfatlarını, fermerləri, ümumiyyətlə kənd əhalisini çətin vəziyyətə salır. Bu problemlərin qarşısını almaq üçün beynəlxalq səviyyədə əməkdaşlıq artıq zərurətə çevrilib. SİA xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) regional direktoru Viarel Quttu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ”İqlimədavamlı Aqribiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğunlaşdırılması” mövzusunda keçirilən dəyirimi masada deyib.
O bildirib ki, iqlim dəyişmələri ilə əlaqədar Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənir.
“Problemlərin qarşısını almaq üçün “ağıllı suvarma” sistemlərininin tətbiqini genişləndirmək, maliyyə əlçatanlığını təmin etmək lazımdır. Bu sahədə Azərbaycanda ciddi işlər həyata keçirilir. Fermerlərə güzəştli kreditlər verilir, torpaq sahələri ayrılır, kənd təsərrüfatına sərmayələr yatırılır. Azərbaycanda ümumu işçi qüvvəsinin yalnız 36 faizi kənd təsərrüfatında çalışır ki, bu da qənaətedici səviyyədə deyil. Dünyanın digər dövlətləri ilə müqayisədə kənd təsərüfatında çalışanların sayı ləng də olsa artır. FAO iqlim dəyişmələrinə qarşı mübarizədə özəl sektorun nümayəndələri, dövlətlərlə çalışmağa hazırdır. Fermerlərə, kənd əhalisinə dəstək göstərmək üçün xüsusi layihələrimiz var. Kənd təsərrüfatının inkişafına, əkin sahələrinin genişlənməsinə dövlət dəstəyi qaçılmazdır. Bu dəstək olmasa ailə təsərrüfatları yeni bazarlar tapa bilməz, təbii fəlakət zamanı dağılan təsərrüfatı fermər təkbaşına bərpa edə bilməz. Azərbaycanda dövlətin kənd təsərrüfatı sahəsinə dəstəyi özünü göstərir”, – deyə Viarel Quttu vurğulayıb.